Xəbər - İlhamə İsabalayeva – Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi amputasiya hallarında hansı əlillik dərəcələrinin təyin olunduğunu açıqlayıb.
Nazirlikdən AzerTimes-a verilən məlumata görə, Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də amputasiya hallarında hansı əlillik dərəcələrinin təyin olunduğu göstərilir.
Əsasnaməyə görə, aşağıdakı hallarda I dərəcə əlillik müddətsiz təyin edilir:
iki ətrafın güdülü (“ətraflar” dedikdə ayaqlar və qollar, güdül dedikdə “amputasiya edilmiş, travmatik qopan hissə” başa düşülür);
iki əlin hər birində baş barmaq daxil olmaqla üç barmağın olmaması və ya barmaqların funksional yararsız vəziyyətdə olması (işləməməsi);
iki əlin baş barmaq istisna olmaqla dörd barmağının olmaması və ya barmaqların funksional yararsız vəziyyətdə olması (işləməməsi);
hər iki əlin bilək oynağından amputasiyası.
II dərəcə əlillik müddətsiz təyin edilir:
bir budun güdülü;
bir əlin güdülü.
III dərəcə əlillik müddətsiz təyin edilir:
bir əldə üç barmağın olmaması, ankilozu və ya kəskin kontrakturası (funksional yararsız vəziyyətdə olması);
birinci və ikinci barmaqların müvafiq daraq sümükləri ilə birgə olmaması, hər iki əldə baş barmaqların və ya digər iki barmağın olmaması;
baldırın güdülü, pəncənin (Piroqov üzrə və ya Şopar oynağından) amputasiyası, hər iki pəncənin (Şarp üzrə daraq sümüklərinin başı səviyyəsindən) amputasiyası (amputasiya dedikdə travmatik qopması).