Amerikalı professor Mingəçevir Dövlət Universitetində seminar keçib (FOTO)

2022-ci ilin 26 yanvar tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Amerika Birləşmiş Ştatlarının (ABŞ) Midlberi Beynəlxalq Araşdırmalar İnstitutunun professoru David Viskin iştirakı ilə seminar keçirilib. MDU-nun akademik və inzibati heyət üzvlərinin qatıldığı seminar ali təhsilin beynəlmiləlləşməsi və müəllimlərin beynəlxalq əməkdaşlıqda iştirakı məsələlərinə həsr olunub. Seminarda beynəlxalq fəaliyyətin əsas komponentləri, kurrikulumun məzmununun təkmilləşdirilməsi, xarici dillərin öyrənilməsi və beynəlxalq akademik mübadilə haqqında ətraflı məlumat verilib.

MDU-dan AzerTimes-a verilən məlumata görə, sonra, D.Visk və onun asisstenti Elena Klein MDU-nun tələbə və magistrantları, eləcə də gənc əməkdaşları üçün ABŞ-da təhsil imkanları mövzusunda geniş təqdimat ediblər. Təqdimat ABŞ ali təhsil sistemi, universitetlərin və təhsil proqramlarının formaları, xarici vətəndaşlar üçün mövcud təqaüd imkanları və digər məsələləri əhatə edib.

Daha sonra, ABŞ-ın Azərbaycandakı səfirliyinin təhsil proqramları üzrə mütəxəssisi Ramina Mürşüdova təmsil etdiyi səfirlik tərəfindən akademik heyət üzvləri üçün təqdim edilən ixtisasartırma, təhsil və tədqiqat proqramları barədə danışıb. ABŞ-da magistratura və doktorantura təhsili imkanları barədə məlumat MDU-nun akademik və inzibati heyəti, tələbə və magistrantları tərəfindən böyük maraqla qarşılanıb.

MDU-nun rektoru Şahin Bayramovun və ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət və təhsil işləri üzrə müşaviri Riçard Pinkamın da qatıldığı tədbirdə iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Tədbirdən əvvəl nümayəndə heyəti ilə görüşən rektor Ş.Bayramov universitetin kadr hazırlığı istiqamətləri və strateji hədəfləri barədə məlumat verib. MDU-nun modernləşməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışan rektor kadr potensialının gücləndirilməsi məqsədilə ABŞ səfirliyi tərəfindən təqdim olunan ixtisasartırma, təhsil və tədqiqat proqramlarından faydalanmaqda maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüşdə ətraflı fikir mübadiləsi aparılıb, akademik heyətin və tələbələrin iştirakı ilə reallaşdırıla biləcək potensial layihələr barədə müzakirələr aparılıb.

Teqlər: