Xəbər - Cani Babayeva – Trend:
Amerikalı gimnast, Bakıda keçirilən batut gimnastikası üzrə
Dünya Kuboku yarışlarının iştirakçısı Kodi Gesuelli təsnifat
mərhələsindəki çıxışından razı qalıb.
Bu barədə AzerTimes-a idmançı özü bildirib.
“Təsnifat mərhələsindəki çıxışımdan razı qaldım, hər şey yaxşı
keçdi. Ümumiyyətlə, komandamızın yarışlara müsbət köklənib. Bakıya
artıq beşinci səfərimdir, burada hər şey mənə doğma və tanışdır.
Yarışın təşkili əladır – nəqliyyat, idmançıların yerləşdirilməsi,
Kuboka ev sahibliyi, hər şey yüksək səviyyədədir”, – amerikalı
gimnast deyib.
Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Kuboku fevralın
12-13-də Bakıda Milli Gimnastika Arenasında keçirilir. Yarışda
Azərbaycanı milli komandanın üzvü Selcan Maqsudova təmsil edir.
Azərbaycan Gimnastika Federasiyasının 2022-ci ildə təşkil etdiyi
ilk beynəlxalq yarışlarda dünyanın 13 ölkəsindən 60-a yaxın idmançı
iştirak edir. Yarışlar Beynəlxalq Gimnastika Federasiyasının (FIG)
yeni qaydalarına uyğun keçirilir.
İki gün davam edəcək yarışın nəticələrinə əsasən, kişilər və
qadınlar arasında fərdi proqram və sinxron tullanmalar üzrə
qaliblər müəyyənləşəcək. Bundan əlavə, ənənəvi olaraq AGF Trophy
Kuboku təqdim olunacaq.
Yarışlar Azərbaycan Nazirlər Kabinetinin xüsusi icazəsi əsasında
və ölkədə qüvvədə olan karantin qaydalarına, sanitar-epidemioloji
tələblərə uyğun və tamaşaçıların iştirakı olmadan keçirilir.