AMEA, ADNSU və Strasburq Universiteti arasında əməkdaşlıq haqqında saziş imzalanıb (FOTO)

Aprelin 21-də AMEA-nın Rəyasət Heyətində Azərbaycan Milli Elmlər
Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU)
və Strasburq Universiteti (UNISTRA) arasında elm və təhsil
sahəsində əməkdaşlıq haqqında sazişin imzalanma mərasimi
keçirilib.

Tədbirdə AMEA tərəfindən Akademiyanın prezidenti akademik Arif
Həşimov, AMEA-nın vitse-prezidentləri, akademiklər Dilqəm Tağıyev,
Rasim Əliquliyev, İradə Hüseynova, Gövhər Baxşəliyeva, AMEA Rəyasət
Heyəti aparatının Elmi-təşkilat idarəsinin rəisi, dosent Rüstəm
Rüstəmov, Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, dosent
Esmira Əlirzayeva, İnformasiya şöbəsinin müdiri, dosent Ağahüseyn
Şükürov və AMEA Rəyasət Heyətinin elmi katibi, dosent Sərxan Xavəri
iştirak ediblər.

İmzalanma mərasimində həmçinin ADNSU-nun rektoru, professor
Mustafa Babanlı, Strasburq Universiteti tərəfindən isə müəssisənin
prezidenti Mişel Deneken, Strasburq Universitetinin
vitse-prezidenti Jan-Mark Planeix, ADNSU-nun nəzdində fəaliyyət
göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru
Vazeh Əsgərov, UFAZ-ın baş katibi Yelizaveta Boydanova, UFAZ-ın
şöbə müdiri Filip Turek, həmçinin Fransanın Azərbaycandakı səfiri
Zakari Qros iştirak ediblər.

Tədbiri AMEA-nın prezidenti akademik A.Həşimov açaraq qonaqları
AMEA-da görməkdən məmnun olduğunu deyib və onlara Akademiyanın
yaranma tarixi və əldə etdiyi nailiyyətlər haqqında məlumat
verib.

AMEA rəhbəri sazişin tərəflər arasında əlaqələrin
genişləndirilməsinə, birgə elmi layihələrin həyata keçirilməsinə və
tədqiqatların aparılmasına, eləcə də gənc kadrların hazırlanmasına
təkan verəcəyini vurğulayıb.

Sonra UFAZ-ın icraçı direktoru V.Əsgərov çıxış edərək tədbirin
təşkilinə görə, AMEA rəhbərliyinə minnətdarlığını bildirib və
fransalı qonaqları təqdim edib.

Daha sonra tədbirdə çıxış edən ADNSU-nun rektoru, professor
M.Babanlı UFAZ haqqında tədbir iştirakçılarına ətraflı məlumat
verib. Professor Mustafa Babanlının sözlərinə görə, universitet
2016-cı ildə ilk qəbulunu elan edib və 2019-2020-ci illərdə iki
dəfə məzun buraxılışını həyata keçirib. Ötən il UFAZ ilk
magistratura qəbulunu elan edib. Bundan əlavə, UFAZ-da doktorantura
pilləsi üzrə də tələbələrin hazırlanacağını və artıq bu istiqamətdə
ADNSU ilə Strasburq Universiteti arasında sazişin imzalandığını
söyləyib.

Son vaxtlar UFAZ-da elmi tədqiqatların həyata keçirilməsi
istiqamətində işlərə başlandığını deyən professor Mustafa Babanlı
bu prosesin icrasında AMEA-nın və Azərbaycan alimlərinin
təcrübəsinə ehtiyacın yarandığını, ölkəmizin maraqlarına və müasir
çağırışlara uyğun birgə tədqiqatların aparılmasının ümumilikdə
respublikamızın və elmimizin inkişafına təkan verəcəyini
vurğulayıb. Eyni zamanda bildirib ki, imzalanacaq üçtərəfli saziş
Azərbaycan-Fransa elmi mərkəzləri arasında körpü yaradacaq.

Tədbirdə çıxış edən Strasburq Universitetinin prezidenti
M.Deneken qeyd edib ki, rəhbərlik etdiyi universitet Avropanın ən
köklü ali təhsil müəssisələrindən biridir. Bu gün Strasburq
Universitetində 5 Nobel mükafatçısının və 30-a yaxın fransalı
akademikin çalışdığını deyən M.Deneken UFAZ-ın ötən illərdə əldə
etdiyi uğurların sözügedən mütəxəssislərin marağına səbəb olduğunu
və onların bu prosesə töhfə verməyə hazır olduqlarını söyləyib.

Mişel Deneken imzalanacaq sazişin Fransa üçün də əhəmiyyət
daşıdığını və Azərbaycan gəncləri üçün böyük imkanlar açacağını
diqqətə çatdırıb və AMEA rəhbərliyini Strasburq Universitetinə
dəvət edib.

Öz növbəsində akademik Arif Həşimov dəvətə görə minnətdarlığını
bildirib və aprelin 27-də AMEA-nın Ümumi yığıncağının
keçiriləcəyini, tədbir çərçivəsində Akademiyanın elmi
nailiyyətlərinin sərgisinin təşkil olunacağını söyləyərək qonaqları
sərgiyə baxmağa dəvət edib.

Mərasimdə çıxış edən Fransanın Azərbaycandakı səfiri Zakari Qros
sazişin əhəmiyyətinə toxunub və səfirliyin bu işdə maraqlı olduğunu
bildirib. Qeyd edib ki, sözügedən sənəd birgə elmi işlərin
aparılmasında, intellektual interaktiv görüşlərin keçirilməsində,
elm-araşdırma mühitinin yaradılmasında mühüm rol oynayacaq.
Həmçinin diqqətə çatdırıb ki, bu günlərdə UFAZ-ın fondu yaradılıb
və bu fondun maliyyə dəstəyi ilə birgə layihələr həyata keçirilə
bilər.

Tədbirdə, həmçinin AMEA-nın vitse-prezidentləri, akademiklər
Dilqəm Tağıyev, Rasim Əliquliyev, İradə Hüseynova və Gövhər
Baxşəliyeva çıxış edərək bildiriblər ki, imzalanacaq saziş iki ölkə
arasında intellektual körpü olmaqla, elm və təhsil arasında
inteqrasiyanın həyata keçirilməsində, eləcə də kadr hazırlığında
mühüm rol oynayacaq.

Daha sonra AMEA, ADNSU və Strasburq Universiteti arasında elm və
təhsil sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Sazişi AMEA
tərəfdən akademik Arif Həşimov, ADNSU tərəfdən professor Mustafa
Babanlı, Strasburq Universiteti tərəfdən isə Mişel Deneken
imzalayıblar.

Tərəflər saziş çərçivəsində Yer və ətraf mühit elmləri, neft,
qaz və digər enerji mənbələri, kimya və kimya mühəndisliyi,
materialşünaslıq, kompüter elmləri, informasiya texnologiyaları və
süni intellekt sahələrində təhsilə, elmi-texniki inkişafa, tədqiqat
və kəşfiyyata dəstək vermək, birgə simpoziumlar, konfranslar və
seminarlar təşkil etmək, bakalavrların, magistrantların,
doktorantların və ya gənc tədqiqatçıların birgə elmi layihə və
fəaliyyətlərində iştirakını dəstəkləmək, AMEA, ADNSU və UFAZ-ın
elmi kadrlarının və tələbələrinin təlimi üçün birgə proqramlar
yaratmaq, digər tərəflərin elmi işçi və professorlarının, bakalavr,
magistrant və doktorantlarının elmi avadanlıqlardan,
laboratoriyalardan birgə tədqiqatların aparılması üçün istifadə
etmələrinə şərait yaratmaq və s. barədə razılığa gəliblər.

Teqlər: