“AmCham” Azərbaycanda işgüzar mühitin təkmilləşməsi üçün atılan addımları dəstəkləyir (ÖZƏL)

Xəbər - Fidan Babayeva – Trend:

Amerika Ticarət Palatasının (AmCham) 2021-ci ildə Azərbaycandakı əsas fəaliyyət istiqamətlərindən biri iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı olacaq.

Bu barədə AzerTimes-a “AmCham”ın prezidenti Nuran Kərimov deyib.

“AmCham”ın prezidentinin sözlərinə görə, postpandemiya dövründə “AmCham”ın qarşısında duran əsas vəzifə ölkə iqtisadiyyatının bərpasında hökumətin siyasətini dəstəkləməkdir.

N.Kərimov bildirib ki, “AmCham” “Ağ sənəd” (White paper) də daxil olmaqla bütün layihə və təşəbbüslərin həyata keçirilməsində İqtisadiyyat Nazirliyi ilə tərəfdaşlığa hazırdır.

O, qeyd edib ki, “AmCham” sahibkarları ümumi maraqlar üzrə birləşdirən və dəstəkləyən unikal təşkilatdır:

“Pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirinin aradan qaldırılması məqsədilə biz hökumətin həyata keçirdiyi və müsbət nəticələr vermiş tədbirləri qiymətləndirmişik. İnanırıq ki, “AmCham” üzvləri tərəfindən “Ağ sənəd” çərçivəsində hazırlanmış təkliflərin həyata keçirilməsi Azərbaycandakı iqtisadi islahatlara daha bir töhfə olacaq”.

“AmCham” rəhbəri özəl sektordakı əhval-ruhiyyə və biznes mühitdəki dəyişikliklər barədə hökumətə məlumat verilməsinin vacibliyini qeyd edib.


“Ağ sənəd” vergi, gömrük, bankçılıq, maliyyə, sığorta, informasiya və kommunikasiya texnologiyaları, satınalma, əmək, turizm və digər sahələri əhatə edir:

“İndiyə qədər hökumət “Ağ sənəd” üzrə təkliflərin təxminən yarısını qəbul edib. Hər hansı assosiasiya yaratmaq istəyən gənc iş adamlarını əməkdaşlığa dəvət edirik. Biz təcrübəmizi bölüşə bilərik: rəqabət aparmırıq, yalnız bir məqsədə xidmət edirik”.

Xatırladaq ki, 1996-cı ildə qurulan “AmCham” Azərbaycan iqtisadiyyatının bütün sahələrində fəaliyyət göstərən 260-dan çox tərəfdaş və üzvdən ibarətdir və Azərbaycanda xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən aparıcı özəl qeyri-kommersiya iş birliyidir.

Twitter: Fidan_Babaeva