Türkiyə, Bolqarıstan, Gürcüstan, Polşa, Rumıniya və Ukrayna
müdafiə nazirləri Qara dənizdə mina problemlərini müzakirə
ediblər.
Trend-in
məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi
bildirib.
Qeyd olunub ki, nazir Hulusi Akar həmkarları ilə videokonfrans
formatında görüş keçirib.
Türkiyəli nazir görüş zamanı regiondakı ümumi vəziyyətin
müzakirə olunduğunu bildirib.
“Görüş zamanı, həmçinin minalarla mübarizə də daxil olmaqla Qara
dənizdə sülh və sabitliyin qorunması məqsədilə əməkdaşlığın
vacibliyi vurğulanıb. Eyni zamanda ağırlaşmaqda olan humanitar
vəziyyətlə əlaqədar humanitar yardımların fasiləsiz davam etməsi və
regionda böhranın daha da şiddətlənməsinin qarşısının alınması üçü
tədbirlər həyata keçirmək qərara alınıb”, – H.Akar deyib.
Qeyd edək ki, son həftələrdə həm Türkiyə, həm də Rumıniya və
Bolqarıstan sahillərində üzən dəniz minaları aşkar edilərək
zərərsizləşdirilib.