“Alov qüllələri”ndə “Apatiya”: 18+ səhnələr…

“Alov qüllələri”ndə “Apatiya”: 18+ səhnələr…

Onu “Qatil” tamaşasından, “Çılpaqdan”,”İkinci pərdədən” də yaxşı tanıyırıq. O, Hikmət Rəhimovdur. “Apatiya” filminin ssenari müəllifi və rejissoru. Onu bu dəfə, ikinci filminin rejissoru kimi tam fərqli rakursdan görəsi olduq.

Artıq milli adı “Alov qüllələri” olan binadayam. Kimlər yoxdur? Kəndçilərin düşməni Bəhramdan tutmuş Rəşad Məcid, Aqil Abbas, İradə Tuncaya qədər. Aqşin Evrən, Ulucay Akif, İlham Əziz, Şəhriyar Del Gerani… “və sairə” hissəsinin içində Eminquey Akif və bəzi şairlərin yanında gələn xanımlar dayanır.

İlk Yaleh Yüzbəyovu görüb, mənasız bir zarafat da elədim:

– O şəhər şuluğu deyirlər, sizsiz?

Sağ olsun, o da gülüb yola verdi.

Furşet masası olan hissədə aləm bir-birinə dəyib. Deyəsən, hamı işdən ac gəlib…

Hikmət Rəhimovla şəkil çəkdirməkdən ətrafa düşən işıqlar salonu əməllicə aydınlaşdırır, fotoaparatların səsi səssiz otaqdakı saat kimi adamın beyninə düşür, hərə bir tərəfdə müsahibə verir.

Qəfil Azər Aydəmirlə üzbəüz gəlirəm. Sevinir, həyəcanlıdı, mənə “bizi tənqid eləməyəcəksən ki?” deyir.

Azər nədənsə, bir az əsəbi görünür. Sonradan elədiyimiz söhbətdə “Bütün günahı məndə görün” deyir. Mən də sözünü yerə salmıram, günahı onda görürəm, amma hamısını yox.

***

Sevgisiz böyüyən uşaq, valideynlərinin fonundakı amansız cəhalət, psixoloji və fiziki təsirlər, ailədaxili problemlər və nəhayət, müəmmalı bir qətl – filmin bu bioqrafiyası qarşımızda yeni pəncərə açır. O pəncərə bizim tez-tez qarşılaşdığımız mənzərədir. Azərbaycan ailə mühitinin olmazsa olmaz tərzi – sevgisiz böyüyən uşaq və onun fonunda sadalanan hər şey.

Hikmət Rəhimov “Mən bu gün sizə bir nağıl göstərəcəm. Bu nağılın qəhrəmanları bizim aramızdadır” deyir və filmə baxmağa keçirik.

Film elə ilk dəqiqələrdən əvvəl yadıma sala bilmədiyim bir yazıçını, əsəri xatırladır. Çox keçmir ki, onu tapıram:

-“Oblomov!”

Birotaqlı evdə baş verən bütün həyati məsələlər necə də oblomovçuluğu xatırladır. Fəqət “Azərbaycan Oblomovu” da başqadır. Buradakı Oblomov – Tural Baxış, sevmədiyim aktyor olsa da, bu filmdə əməlli valeh oluram.

Necə deyərlər, bütün film boyu zal həm kədərlənir, həm gülür, həm əsəbiləşir. 18+ səhnələrə görə utananlar da olur. Nədənsə, məndə də ani refleks baş verir. 18+ səhnələrdə üzünə baxmağa qız axtarıram. Xüsusi ilə də cəsarətli aktrisa Şəhla Əliyevanın masturbasiya səhnəsində.

Birini gördüm: Sevgilisi yanındadır deyə, əlini üzünə tutdu.

Birini də gördüm: O da rəfiqəsinə baxıb qımışdı. Düzü, onlardan gözüm su içmədi…

***

Filmi reportaj kimi yazmağımın bir əsas səbəbi də sərt tənqid etmək istəməməyimdir. Bu filmdə toxuna bilməyəcəyim yeganə məsələ texniki məsələdir. Məsələn, filmin sonunda çöldə dostlardan biri dedi ki, işıq zəif idi. İndi mən bilmirəm, eynəkli dostum “işıq zəif idi” deyəndə nə nəzərdə tutur. Bəlkə də mənim bəsirət gözüm tutulub…

Əvvəla, film novellavari sonluqla bitdi. Mənimçünsə bir az havada qaldı. “Havada qaldı”nı dəyişib, “İzləyicinin ixtiyarına buraxırıq” demək də olar.

Beləliklə, film bütün mənfi cəhətləri ilə xoşuma gəldi. Əsl problemli bir azərbaycanlı ailəsinin bədii həlli var. Bu cür bir hadisələri romanla yox, elə filmlə çatdırmaq daha uyğun olar.

Filmin vermək istədiyi mesajlar aydındır, amma tam deyil. Daha dəqiq, qısa keçir. Məsələn, erkən evlilik söhbəti. Cəmi bir sözlə göstərilən bu səhnə hazırlıqsız izləyiciyə çatmaya da bilər və elə bu cür də oldu. Adını çəkib biabır eləmək istəmədiyim bir “ziyalı” dostumuz çöldə soruşdu ki, o erkən nikah hardaydı?

Əgər bu film tam uğursuz olsaydı belə, deyərdim ki, aktyor oyunu möhtəşəm idi.

Azər Aydəmir isə bir başqa idi. Deyəsən, onu filmdə mənim kimi dostlarımızın çoxu tanımayıb. Az qala filmdən sonra soruşacaqdım ki, Azər, sənin obrazın hansıydı?

Müəllifdən son: Film Fuad Poladovun xatirəsinə, bu reportaj da məhdud imkanlar çərçivəsində böyük iş görən dostlara həsr olunur.

Teqlər: