Almaniyada Heydər Əliyevin 99 illiyi münasibətilə beynəlxalq idman yarışı təşkil edilib (FOTO)

Almaniyanın Barleben şəhərində ümummilli lider Heydər Əliyevin
anadan olmasının 99-cu ildönümü münasibətilə beynəlxalq idman
yarışı keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, Heydər Əliyev
adına Dünya Boks Komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov,
Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin
Həsənov, yerli ictimaiyyətin və Azərbaycan diasporunun
nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə
başlayıb.

Sonra fərqli yaş qrupları üzrə yarışa qatılan müxtəlif ölkələrin
idmançılarının həvəskar boks, peşəkar boks, qılıncoynatma, qol
gücü, əyləncəli oyunlar üzrə qarşılaşmasına start verilib.

Boks döyüşünün ilk qarşılaşmasında azərbaycanlı gənc idmançı
Bəxtiyar İsgəndərzadə rəqibinə qalib gələrək, soydaşlarımızı
sevindirib. Qalibə mükafatı DİDK sədri F.Muradov təqdim edib.

Qeyd edək ki, Heydər Əliyev adına Dünya Boks Komitəsi
Almaniyanın Maqdeburq şəhərində yaşayan soydaşımız Yaşar Niftəliyev
Millinits tərəfindən yaradılıb. Komitənin əsas məqsədi dünyada
yaşayan azərbaycanlı idmançıları birləşdirmək, idman yarışlarında
Azərbaycan Respublikasının üçrəngli bayrağının qaldırılmasına,
Dövlət Himninin səsləndirilməsinə nail olmaq, Heydər Əliyevin adını
daşıyan dünya kəmərlərini dünyanın ən məşhur kəmərləri sırasına
gətirməkdir.

Teqlər: