Almaniya şirkətləri Azərbaycan iqtisadiyyatına investisiyaların artmasında maraqlıdır (Müsahibə) (VİDEO)

Qlobal çağırışlara baxmayaraq alman iş adamlarının Azərbaycana
investisiya qoymağa marağı artır.

Bunu Trend
müsahibəsində Almaniya-Azərbaycan Ticarət Palatasının icraçı
direktoru Tobias Baumann deyib.

Onun sözlərinə görə, Ukraynadakı hadisələr fonunda enerji
daşıyıcılarının qiyməti artır, bu isə Azərbaycan üçün yaxşı gəlir
və biznesin daha da inkişafı deməkdir.

“2021-ci ildə Azərbaycanla Almaniya arasında ticarət
göstəriciləri 2020-ci illə müqayisədə əhəmiyyətli dərəcədə
yaxşılaşıb, ikitərəfli ticarət dövriyyəsi isə bir milyard avroya
çatıb. 2021-ci ildə Almaniyanın Azərbaycana ixracı 300 milyon avro,
idxal isə 700 milyon avro təşkil edib”, – deyə o bildirib.

O, həmçinin qeyd edib ki, Almaniya şirkətləri Qarabağda aparılan
yenidənqurma işlərində fəal iştirak edə bilərlər.

“Almaniyanın infrastruktur, su ehtiyatlarının idarə olunması,
elektrik təchizatı, kənd təsərrüfatı, bərpa olunan enerji
mənbələri, tunellər və minaların təmizlənməsi sahələrində müxtəlif
həlləri mövcuddur. Qeyd edim ki, Almaniyanın minaların təmizlənməsi
prosesində iştirakı gələcək investisiyalar üçün zəmin yaradır.
Almaniya hazırda bir neçə tikinti layihəsində iştirak edir.
Aeroportun tikintisi ilə bağlı Almaniya-Azərbaycan birgə müəssisəsi
işləyir. Memarlarımız yaşayış binalarının tikintisi üçün də həllər
təklif edir. Bu prosesdə iştirak etmək üçün tender prosedurlarının
başlanmasını gözləyirik”, – icraçı direktor deyib.

Bundan əlavə, onun sözlərinə görə, Almaniya tərəfi Azərbaycanda
yeni alüminium zavodunun tikintisinə investisiya yerləşdirməyi
planlaşdırır.

“Britaniyalı həmkarlarla birgə müəssisə Gəncə şəhərində inşa
olunacaq, amma layihəyə investisiyaların böyük hissəsi Almaniya
tərəfindən qarşılanacaq. Layihəyə qoyulan investisiyaların ümumi
həcmi 300 milyon avro təşkil edəcək. Bu, indiyə qədər Azərbaycana
qoyduğumuz ən böyük investisiya olacaq. Bizim Azərbaycanda daimi
əsasda fəaliyyət göstərən şirkətlərimiz var. Ümumilikdə,
hesablamalarımıza görə, hər il Azərbaycan iqtisadiyyatının müxtəlif
sahələrində 200-ə yaxın Almaniya şirkəti fəaliyyət göstərir və
onların sayı daim dəyişir”, – T.Baumann bildirib.

O, həmçinin bildirib ki, Azərbaycan Almaniyaya başlıca neft və
qaz tədarükçüsüdür.

“Qeyd etmək istəyirəm ki, Almaniya şirkətləri əvvəlki kimi
Azərbaycan iqtisadiyyatında vacib rol oynayır. Onlar Cənub Qaz
Dəhlizi çərçivəsində fəal iştirak edirlər. Bildiyiniz kimi, hazırda
bizim Rusiyadakı qaz tərəfdaşları ilə kifayət qədər ciddi
problemlərimiz var. Biz qaz tədarükünün şaxələndirilməsi üçün
alternativ yollar axtarırıq”, – T.Baumann vurğulayıb.

İcraçı direktorun sözlərinə görə, Almaniya neft-qaz sənayesində
və yataqların kəşfiyyatı sahəsində liderdir.

“Biz Azərbaycana kəşfiyyat üçün qazma texnikası tədarük edirik,
ətraf mühitin mühafizəsi üzrə layihələr həyata keçiririk, həmçinin
Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) zərərli tullantıların
idarə olunmasında kömək edirik. Almaniya şirkətləri həm də tikinti
sahəsində liderdir. Şirkətlərimiz azərbaycanlı tərəfdaşları sənaye
müxtəlif sahələri – toxuculuq, heyvandarlıq, qida istehsalı üçün
avadanlıqlar tədarük edir. Bundan əlavə,biz isveçrəli tərəfdaşlarla
birlikdə Bakıda “Crystal Palace” binasının dam örtüyünün
layihələndirilməsini həyata keçirmişik”, – deyə T.Baumann
bildirib.

Onun sözlərinə görə, Almaniya daha çox energetika şirkətini
Almaniya-Azərbaycan Ticarət Palatasına üzv olmağa dəvət edir.

“Hazırda ticarət palatamıza daxil olan şirkətlərin sayı 160-a
çatıb. Palatanın üzvü olan Almaniyanın “Uniper SE” enerji şirkəti
əsas qaz treyderlərindən biridir. Biz enerji daşıyıcıları, o
cümlədən hidrogen istehsalı ilə məşğul olan və bərpa olunan enerji
sahəsində fəaliyyət göstərən daha çox şirkəti dəvət etmək istərdik.
Bu, gələcək inkişafımızın istiqamətləridir. 2022-ci ilin iyununda
biz bərpa olunan enerji mənbələri üzrə nümayəndə heyətini qəbul
etməyi planlaşdırırıq”, – o deyib.

İcraçı direktor onu da bildirib ki, Almaniya şirkətlərinin
Azərbaycandakı fəaliyyəti əsasən logistika və nəqliyyat həlləri
sektorlarında cəmlənib.

“DHL, “Rhenus Logistics”, “DB Schenker”, “Hansa Meyer Global”,
“Kühne+ Nagel” kimi şirkətlər SOCAR-ın məhsullarının logistikası
ilə məşğul olur. Bir sıra digər şirkətlər isə ağır texnika və onun
xidməti sahəsində ixtisaslaşıblar. Bizim şirkətlər üçün Azərbaycan
bazarı maşınqayırma sənayesində avadanlıq, istehlak malları və
konkret həllər üçün məkandır. Onlardan bəzilərinin Bakıda
nümayəndəlikləri mövcuddur”, – deyə o əlavə edib.

Yekunda T.Baumann bildirib ki, bu günkü gün Azərbaycan hələ də
Almaniya investisiyalarının cəlb olunması üçün əsas istiqamətə
çevrilməyib. Amma adı çəkilən alüminium layihəsi, Qarabağın
inkişafı və yeni beynəlxalq müqavilələrlə bu, yaxın gələcəkdə
dəyişə bilər.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: