ABŞ Çin mallarına rüsumları ləğv etməyi planlaşdırır

ABŞ administrasiyası ölkənin əvvəlki prezidenti Donald Trampın
dövründə tətbiq edilən Çin mallarına gömrük rüsumlarının ləğvi
imkanları ilə bağlı məsləhətləşmələrdən sonra bir sıra qərarlar
qəbul etmək niyyətindədir.

Trend “TASS”a
istinadla xəbər verir ki, bunu ABŞ prezidentinin Milli
təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan brifinqdə
deyib.

“ABŞ Prezidenti Co Bayden iqtisadi və xarici siyasət məsələləri
üzrə məsul əməkdaşlara Çinə qarşı ticarət siyasətinin kompleks
baxışını aparmağı tapşırıb”, – C. Sallivan bildirib.

O, qeyd edib ki, iqtisadiyyat, milli təhlükəsizlik məsələlərində
qarşıda duran çağırışlar fonunda necə davam etmək, əvvəlki
administrasiyanın ticarətə yanaşmasından kənara çıxmaq barədə
müzakirələr davam edir.

Həftənin əvvəlində ABŞ-ın maliyyə naziri Janet Yellen Tramp
dövründə Çindən gələn mallara tətbiq edilən bəzi gömrük
rüsumlarının götürülməsinin tərəfdarı olduğunu bildirib.

ABŞ-ın keçmiş prezidenti Donald Trampın administrasiyası rəsmi
Pekinə qarşı hərtərəfli iqtisadi təzyiq siyasəti aparıb. Vaşinqton
370 milyard dollar dəyərində Çin mallarına gömrük rüsumları tətbiq
edib.