Almaniya Gürcüstanda qabaqcıl təcrübə mərkəzləri yaratmaq niyyətindədir (Özəl)

Almaniya Gürcüstanda şərabçılıq və turizm sahəsində qabaqcıl
təcrübə mərkəzləri yaratmaq niyyətindədir.

Bu barədə Trend-ə Almaniyanın Tbilisidəki səfirliyindən
bildirilib.

Səfirliyin məlumatına əsasən, Almaniya və Gürcüstan hökumətləri
arasında danışıqlar iki ildən bir keçirilir.

Diplomatik nümayəndəlikdən bildirilib ki, son danışıqlar 2021-ci
ilin noyabrında baş tutub və tərəflər peşə təhsili sahəsində
maliyyələşdirmə məsələlərini müzakirə ediblər.

“Almaniya artıq Tbilisidə tikinti və logistika sahəsində
qabaqcıl təcrübə mərkəzinin yaradılmasını maliyyələşdirir”, – deyə
səfirlikdən bildirilib.

Qeyd edilib ki, Almaniya İnkişaf Agentliyinin uzun illərdir ki,
Gürcüstana şərabçılıq və turizm sahəsində verdiyi dəstək bu
mərkəzlər vasitəsilə də səmərəli istifadə edilə bilər.

Almaniya ilə Gürcüstan arasında inkişaf sahəsində məhsuldar
əməkdaşlıq 30 ilə yaxındır ki, mövcuddur. Bu müddət ərzində
Almaniya Gürcüstana maliyyə əməkdaşlığı sahəsində ümumi olaraq 1,3
milyard avrodan çox dəstək verib.