“Alibaba” vendinq aparatlarında avtomobil satacaq

“Alibaba” vendinq aparatlarında avtomobil satacaq

Çinin iri internet platforması “Alibaba Group” bu ilin sonuna qədər ölkədə avtomobillərin satışı üçün ilk vendinq avtomatı layihəsini həyata keçirmək fikrindədir.

Layihə “Alibaba”nın törəmə şirkəti olan “Tmall”un təşəbbüsüdür. Şirkətin baş meneceri Yuy Vey bildirib ki, müştərilər öz smartfonlarında nəhəng qarajda dayanmış avtomobillərdən birini seçib, sifariş verərək ödəniş edə bilər. Bundan cəmi bir neçə dəqiqə sonra avtomobil qarajdan aşağı mərtəbəyə gətirilir və orada alıcıya təslim edilir. “Bu, avtomobil alınmasını qazlı içki bankası almaq qədər asanlaşdıracaq”, – deyə Y. Vey söyləyib.

Vendinq aparatlarında avtomobilləri “Alibaba”nın reytinq sistemi olan “Sesame Credit”də yaxşı reytinqə malik alıcılar əldə edə bilər. 750 baldan yuxarı balı olan istənilən şəxs xoşuna gələn avtomobil modelini seçə və 10%-lik ilk ödənişi edərək avtomobili götürə bilər. Bundan sonra müştəri “Alipay” sistemi vasitəsilə hər ay ödənişlər etməlidir.

Qeyd edək ki, 15 mərtəbə hündürlüyündə analoji vendinq avtomatı bu ilin mayında Sinqapurda istifadəyə verilib. Daha əvvəl isə bu texnologiya ABŞ-ın Neşvill şəhərində tətbiq edilib.