Magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 7 şəhər və
rayonunda – Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və
Lənkəranda, ümumilikdə 71 imtahan binasında aparılıb.
Dövlət İmtahan Mərkəzindən AzerTimes-a verilən məlumata görə, imtahanda iştirak üçün
17097 bakalavr ərizə təqdim edib.
İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat davam
edib.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah
fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla
əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün
binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, bakalavrların
öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait
yaradılıb.
COVID-19 infeksiyası ilə əlaqədar ehtiyat tədbirləri
çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən
ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb,
zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan
otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə
əyləşdirilməsi təmin olunub. İmtahan iştirakçılarının bədən
hərarətləri normaya uyğun olub.
İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon aşkarlandığı
üçün imtahandan xaric edilib və nəticələri ləğv olunub. Bundan
əlavə, 3 nəfərdə çoxfunksiyalı “ağıllı” saat aşkarlandığı üçün
bununla bağlı araşdırma aparılır.
Fevralın 21-dən etibarən DİM-də imtahan protokollarının və cavab
kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 3 gün
ərzində elan edilməsi nəzərdə tutulur.
İmtahanla əlaqədar müraciətlərə baxılması üçün DİM tərəfindən 24
fevral 2022-ci il tarixindən etibarən onlayn (“Zoom” proqramı və ya
telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil
ediləcək.
Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 22-24 fevral
tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla
qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan
keçməyənlər sonradan apelyasiya üçün müraciət edə
bilməyəcəklər.
Bir bakalavrın ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə
müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs
müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda
müzakirə prosesi dayandırılır.