“AzInTelecom” MMC-nin ali təhsili olmayan iki gənc əməkdaşının
informasiya texnologiyaları üzrə beynəlxalq şirkətlərdən sertifikat
əldə etməsi ilə nəticələnən çətin və uğurlu həyat hekayəsini
sizinlə bölüşmək istəyirik.
İT qlobal sahə olduğu üçün burada böyük beynəlxalq şirkətlərin
sertifikatlarını əldə etmək artıq göstərici rolunu oynayır. Bu cür
çətin kursları bitirərək yekunda imtahandan uğurlu nəticə əldə
etmək üçün sahə üzrə yüksək bilik və təcrübə tələb olunur.
Lakin Azərbaycanda 22 və 23 yaşlı iki gənc bu aksiomu qıraraq
ali, hətta tam orta təhsilləri olmadan belə özlərini inkişaf
etdirib informasiya təhlükəsizliyi sahəsində biliklər qazanmağa,
çətinliklə əldə olunan beynəlxalq sertifikatlarla təltif olunmağa,
ölkənin ən qabaqcıl texnoloji məhsullar və xidmətlər təqdim edən
şirkətində işləməyə nail olublar.
Tural Əsədov və Xəzər Hacıyev öz uğurlu həyat hekayələri ilə
karyera qurmaq və böyük hədəflərə çatmaq üçün ali təhsilin
prioritet olmadığını sübut ediblər.
22 yaşlı Xəzər 7-ci sinfi bitirməmiş təhsilini dayandıraraq
ofisiant, operator köməkçisi işləyib. 16 yaşında proqramlaşdırma
sahəsində özünü təkmilləşdirməyə başlayıb və müstəqil olaraq
“Linux”, “Python” proqramlaşdırma dilləri üzrə biliklərə yiyələnib.
2019-cu ildə hərbi xidmətdən qayıtdıqdan sonra eksternat imtahan
verərək 9-cu sinfi bitirməyi ilə bağlı şəhadətnamə alıb.
Xəzər Hacıyev 2020-ci ildə müstəqil şəkildə şəbəkə, sistem
inzibatçılığı, virtuallaşdırma, kibertəhlükəsizlik sahəsində
biliklər əldə edib. Həmin il “RedHat Linux” sistem inzibatçısı
beynəlxalq sertifikatını alıb.
İkinci Qarabağ müharibəsi zamanı çağırışçı kimi torpaqlarımızın
işğaldan azad edilməsində iştirak edib tərxis olunduqdan sonra
2021-ci ilin iyul-sentyabr aylarında “AzInTelecom” MMC-də
İnformasiya təhlükəsizliyi üzrə təcrübə proqramında iştirak
edib.
22 yaşlı gəncin növbəti və indiki mərhələdə ən böyük
uğurlarından biri Amerikanın “Offensive Security” beynəlxalq
şirkətindən OSCP sertifikatını əldə etməsidir. X.Hacıyev 2022-ci il
mayın 7-də informasiya təhlükəsizliyi sahəsində nüfuzetmə testi
üzrə kursu bitirərək imtahanda uğurlu nəticə əldə edib.
Daha bir beynəlxalq sertifikat sahibi olan 23 yaşlı Tural Əsədov
orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb və 2019-cu
ildə müddətdən artıq xidmət edən əsgər vəzifəsində snayper olaraq
xidmət edib.
Orta məktəbdə oxuduğu dövrdən veb-proqramlaşdırma,
kiberhücumlar, “Linux” əməliyyat sistemləri üzrə müstəqil olaraq
biliklərə yiyələnməsi hərbi xidmətdən sonra da Turalı bu sahəyə
yönəldib. Tural Əsədov 2021-ci ilin iyul-sentyabr aylarında
AzInTelecom” MMC-də İnformasiya təhlükəsizliyi üzrə təcrübə
proqramında iştirak edib.
Uğurlarının davamı olaraq 2022-ci il mayın 9-da beynəlxalq
“eLearnSecurity” şirkətinin çox çətinliklə əldə edilən “eWPT”
sertifikatına yiyələnib. T.Əsədov bu şirkətin həyata keçirdiyi və
bir neçə ay davam edən veb-tətbiqlərin nüfuzetmə testi üzrə kursu
bitirərək imtahandan uğurla keçib.
Hər iki gənc 2021-ci ilin oktyabr ayından “AzInTelecom” MMC-nin
İnformasiya təhlükəsizliyi departamentinin Kiber təhlükəsizliyi
şöbəsinin mütəxəssisi vəzifəsində çalışır.
Azərbaycanda informasiya texnologiyaları sahəsində kadr
hazırlığı, mütəxəssislərin hazırlanması daim diqqət mərkəzindədir
və müvafiq qurumlar bunun üçün lazımi addımlar atır. Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi də bu istiqamətdə bir çox dəstək
layihələri həyata keçirir. Nazirliyin İnnovasiyalar və Rəqəmsal
İnkişaf Agentliyinin “Technest” təqaüd proqramı və “AzInTelecom”un
Kibertəhlükəsizlik Laboratoriyası təlim proqramında artıq 1000-ə
yaxın gənc İT sahəsində spesifik biliklər əldə edərək həm
nazirliyin qurumlarında, həm də ölkənin digər qabaqcıl şirkət və
idarələrində işləmək imkanı əldə ediblər.
Tural Əsədov və Xəzər Hacıyev rəsmi olaraq ali təhsil almasalar
da, sevdikləri sahəyə olan maraq, öyrənmək əzmi və istəyin
reallaşması üçün çəkilən əziyyət nəticəsində həm elm, həm də iş
həyatında böyük uğurlar əldə etməyin mümkün olduğunu sübut
ediblər.