Aleksandar Vuçiç Prezident İlham Əliyevi təbrik edib

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçdən
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu
gəlib.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Azərbaycanın Müstəqillik Günü münasibətilə Serbiya
Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə
səmimi təbriklərimi çatdırır, ölkənizə tərəqqi, xalqınıza yüksək
rifah diləyirəm.

Əminəm ki, biz qarşıdakı aylarda bütün səviyyələrdə dialoqu
davam etdirəcəyik və Sizin Serbiya Respublikasına həyata
keçiriləcək səfəriniz ikitərəfli əməkdaşlığımızın inkişafı
baxımından xüsusi əhəmiyyət daşıyacaq. Bu il ölkələrimiz arasında
diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd etdiyimizi
nəzərə alsaq, Sizin səfəriniz bu baxımdan müstəsna əhəmiyyət kəsb
edəcək.

Məmnunluqla qeyd etmək istərdim ki, keçən il yaxşı
əlaqələndirilmiş birgə səylər nəticəsində ikitərəfli və çoxtərəfli
əməkdaşlığın möhkəmləndirilməsi baxımından nəzərəçarpan irəliləyiş
əldə etmişik. Bu, strateji tərəfdaşlığımızın yüksək səviyyəsindən
xəbər verir.

Fürsətdən istifadə edərək, iqtisadi əməkdaşlığımızın
möhkəmləndirilməsi istiqamətində səylərin daha da artırılmasının
zəruriliyini, bu prosesdə ticarət və iqtisadi əməkdaşlıq üzrə
Hökumətlərarası Komissiyanın xüsusi rolunu vurğulamaq
istəyirəm.

İcazə verin, Serbiyanın ərazi bütövlüyünün və suverenliyinin
dəstəklənməsində Azərbaycanın göstərdiyi prinsipial mövqeyə görə
bir daha Sizə təşəkkürümü bildirim. Bizim üçün böyük önəm daşıyan
bu məsələ ilə bağlı Azərbaycan Respublikasının dəyişməz mövqeyi
ölkənizin beynəlxalq hüququn əsas prinsiplərinə daimi sadiqliyinin
bariz nümunəsidir.

Cənab Prezident, Sizə bir daha dərin ehtiramımı ifadə
edirəm”.

Teqlər: