Aksiyaçılara müraciət: Bu hərəkətləri etməyin!

Aksiyaçılara müraciət: Bu hərəkətləri etməyin!

Azərbaycanlı fəalların, QHT və media mənsublarının Şuşanın ətəyində, Xankəndiyə ayrılan yolun başlanğıcında, rus sülhməramlıların postu önündə keçirdiyi aksiyanın ictimai, siyasi, iqtisadi əhəmiyyəti, milli maraqlarımız baxımından həcmi ölçüyəgəlməzdir.

Üç gündür davam edir aksiya və bu müddət ərzində yatıb-oturmadan aksiyaçılarımızın möhtəşəm işlərini, soyuqdan, qardan, şaxtadan çəkinmədən, sutka ilə yatmadan, ayaqüstə mübarizələrini dəstəkləyirik, ordakı dostlarla vaxtaşırı əlaqə də saxlayırıq: bütün xalqı yanlarında hiss etmələrindən çox məmnundurlar.

Polisimiz, əsgərimiz, sərhədçimizin də nəfəsini kürəklərində hiss edir aksiyaçılar, qazilərimizin, şəhid ailələrinin dəstəyini də. 2020-ci ilin 44 günündə Xalq olaraq Orduya çevrilmişdik, bu aksiya göstərdi ki, elə də qalmışıq. Orduya çevrilmiş Xalqın qarşısında isə heç bir maneə dayana bilməz.

Düşmən mediasını, beynəlxalq qurumların reaksiyasını anbaan izləməyə çalışırıq və ötən gün erməni ekspertlərin – elə beynəlxalq müşahidəçilərin də – şərhlərindən bir daha və bir daha bu nəticə çıxdı: Yenə də ən ideal vaxt seçilib; yenə də ən uyğun taktikadan istifadə edilir. İlham Əliyev artıq mininci dəfədir sübut edir ki, Nəyi, Necə və Nə Vaxt edəcəyini incəliyinə qədər bilir! Lazım olanda Ordumuz, lazım olanda Vətəndaşımız sözünü deyir – hədəfimiz isə yalnız və yalnız ərazi bütövlüyümüzdür: bizim kimsənin torpağında gözümüz yoxdur!

Rus ekspertlərin olduqca həssas davranmaları da diqqət çəkir: bütün vasitələrlə azərbaycanlıların haqlı olduqlarını deməyə, bizə dəstək verməyə, eyni zamanda, rus sülhməramlıları ilə üz-üzə gəlməməyimiz üçün çağırışlara başlayıblar.

Həssas məqamdır, bütün nəzərlər aksiyadadır: aksiya iştirakçılarının hər bir addımı, davranışı, hətta soyuqdan etdiyi isinmə hərəkəti də “zərrəbinlə” izlənilir və “nəticələr” çıxarılır.

Bizim bu aksiyada hədəfimiz nədir?

Rus sülhməramlıları ilə qarşıdurma yaratmaq deyil, Xankəndi və ətrafında məskunlaşan sadə ermənilərlə (hər halda, ümid edək ki, sadə ermənilər var – çünki Xankəndidə elan edilən aksiyaya erməni icması qatılmadı) heç bir sorunumuz yoxdur. Hədəf – bir qrup quldurun birləşərək sərvətimizi talamasının qarşısını almaq, torpağın sahibinin kim olduğunu göstərmək, Xankəndiyə yolumuzu açmaq, vardanyanları, arutyunyanları, sülhə mane olan bütün “yanları” prosesdən kənarlaşdırmaqdır.

Bəli, tam mümkündür ki, Volkov cinayətkar Vardanyanla sərvətimizin talanmasında şərikdir; tam mümkündür ki, Laçın yolundan erməni quldurlara silah daşınmasına Volkov şərait yaradır; tam mümkündür ki, Xankəndidəki silahlı terrorçulara təlim keçmək üçün gələn iranlıları silah-əsləhəsi ilə bərabər ərazimizə Volkov (yəni Rusiya MN) buraxdırıb və s.

Amma bunun hazırda aksiya keçirilən ərazidə xidmət keçən sıravi əsgərə heç bir aidiyyəti yoxdur.

O əsgər sənin qarşını kəsəndə, öz halal torpaqlarına getməyinə mane olanda mübahisə də etdin, narazılığını da bildirdin, çəkib-göstərdin və yaydın da – təpədən dırnağa, iliyinə qədər doğrusan, tamamilə haqlısan!

Ancaq aksiya gedən vaxt heç bir səbəb olmadan rus əsgərin üzünə projektor tutmaq, çırtladığın tumun qabığını ona tərəf üfürməklə həm də “məzə çıxartlamaq” həm orda aksiya keçirənlərin özlərinin intellektinə yaraşmır – çünki aksiyada ekofəallar, jurnalistlər və QHT təmsilçiləridir, ziyalı sayılırlar, düşünən beyindən hesab olunurlar – həm də strateji yanlışlıqdır.

Orda elə rus əsgərləri var ki, ümumiyyətlə xəritəni qabağına qoysan, durduğu yerin hara olduğunu göstərə bilməyəcək; elə əsgərlər var ki, ümumiyyətlə Qarabağın hara və kimin olduğu haqda təsəvvürü belə yoxdur…

Bizim addımlarımız həm də xalqımıza fərdi münasibəti formalaşdırır: indi sənin “məzə çırtlatdığı” əsgər heç nə edə bilməz – buna nə hüququ var, nə də Ordumuzun canavar baxışlı igidləri ona imkan verər. Ancaq bu hərəkətlər sabah xidmətini başa vurub Rusiyaya, vətəninə geri qayıdacaq bir insanda, bir rus vətəndaşda bizə qarşı rəy formalaşdırır.

Biz düşməni belə dosta çevirmək imkanı olduğu halda “neytralı” niyə bizə nifrət edən şəxsə çevirməliyik?

Nə qədər ki üz-üzə sakitcə dayanmısınız və sizə qarşı heç bir fəaliyyəti yoxdur, əkməyindən, suyundan rus əsgərə də təklif et, səmimi qəlbdən: o xidmətdədir, görəvini yerinə yetirir; saatlarla ayaqüstə qalır – bəlkə də bir udum isti çay içib, azca qızınmaq üçün hər şeyi verməyə hazırdır. Ona bir stəkan çay təklif etməklə ürəyinə sevgi göndərmək varkən, üzünə tum üfürməklə nifrət niyə qazanırsan ki? Bəlkə heç vaxt azərbaycanlı görməyib o rus, azərbaycanlı ilə ilk qarşılaşmasıdır – bizim haqqımızda hansı təsəvvür yaranar onda?

Özümüzə, özünüzə və xalqımıza layiq davranmaq hər zaman gözəldir!

Teqlər: