Aksiya nəticə verməsə, Bakı güc tətbiq edəcək!

Aksiya nəticə verməsə, Bakı güc tətbiq edəcək!

Şuşa-Xankəndi yolunda qeyri-hökumət təşkilatı nümayəndələrinin aksiya keçirməsi gözlənilən idi. Belə aksiyaların keçirilməsi açıq cəmiyyətlərdə mütəmadi olaraq baş verən demokratik proseslərdir. QHT-lər öz funksiyalarına uyğun olaraq cəmiyyəti narahat edən müxtəlif məsələlərlə bağlı aksiya keçirməklə diqqəti bu və ya digər problemin həllinə yönəltməyə çalışırlar.

AzerTimes xəbər verir ki, bu sözləri millət vəkili Cavanşir Feyziyev deyib.

O bildirib ki, problemin mövcudluğu çoxdan hamıya məlumdur:

“Uzun müddətdir ki, Qarabağ bölgəsində ekoloji fəlakətlər törədilir, meşələrimiz qırılır və yandırılır, çaylarımız və göllərimiz çirkləndirilir, təbii ehtiyatlarımız talan edilir. Hələ bir neçə gün əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və digər əlaqədar qurumların nümayəndələri də elə həmin ərazidə Rusiya sülhməramlı qüvvələrinin komandanı general Andrey Volkovla görüşüb problemin ciddiliyini onun diqqətinə çatdırmışdılar. Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərində təbii resursların qeyri-qanuni qurum tərəfindən qanunsuz istismarı və ərazinin ekoloji vəziyyətinə ciddi ziyan vurulması haqqında general Volkovla danışan mütəxəssislər ərazidə monitorinq keçirilmək haqqında niyyətlərini də bildirmişdilər. Növbəti addım general Volkov tərəfindən atılmalı idi, yəni o, əks tərəfi xəbərdar etməli və monitorinq aparılması üçün mütəxəssislərə lazımi şərait yaratmalı idi. Lakin görünür ki, Rusiya sülhməramlıları nəzarət etdikləri ərazidə qanunsuz fəaliyyət göstərən, qaçaqmalçılıq yolu ilə əlvan metal yataqlarımızı qarət edən cinayətkarlara Azərbaycanın rəsmi dövlət qurumlarının qərarlarını başa sala bilməyib və ya başa salmaq niyyətində olmayıb. Beləliklə, rəsmi dövlət qurumlarının qanuni fəaliyyətinə maneçilik törədilib. Belə bir hal vətəndaş cəmiyyəti təmsilçilərini narahat etməyə bilməzdi. Odur ki, vətəndaş cəmiyyətinin təşkilatları həyəcan təbili çalmaq, cəmiyyətimiz üçün ümumi maraq və əhəmiyyət kəsb edən mühüm bir problemi məhz qanunsuz fəaliyyətin baş verdiyi ərazidə aksiya keçirməklə qabartmaq, dövlətin və ictimaiyyətin diqqətinə çatdırmaq qərarına gəliblər. Bu vətəndaş cəmiyyəti tərəfindən qanunsuz əməllərə qarşı yumşaq güc nümayişidir və sivil dünyanın hər bir bölgəsində bu cür etiraz aksiyaları keçirilir. Məqsəd Azərbaycan ərazisində qanunsuz fəaliyyət göstərən xarici şirkətlərdən birinin talançı fəaliyyətini dayandırmaq üçün dövlət qurumlarına və cəmiyyətə çağırış etməkdən ibarətdir”.

Onun sözlərinə görə, əgər bu aksiyalar ermənilər tərəfindən aparılan qeyri-qanuni iqtisadi fəaliyyətin dayandırılmasına gətirib çıxarmasa və müvafiq dövlət qurumlarına monitorinq aparılması üçün lazımi şərait yaradılmasa, Azərbaycan hüquq-mühafizə orqanları ərazidə baş verən cinayət əməllərinin qarşısını almaq üçün adekvat güc tətbiq edə bilər:

“Xankəndidə özbaşınalıqla məşğul olan cinayətkar dəstə anlamalıdır ki, onlar Azərbaycan ərazisində yaşayır və ölkə qanunlarını bilərəkdən pozmaq cinayət məsuliyyəti yaradır. Bu aksiyalardan sonra da onlar öz cinayət əməllərini davam etdirsələr, o zaman qanun öz sözünü deyəcək. Qanunlar işə salındıqdan sonra yenə də dünya mediasında “genosid” deyib haray salmaq isə gec ola bilər”.

Teqlər: