Türkiyə yeni dövrə başlayır. Türkiyənin ötən yüz ili təkcə bizim yox, dost və qardaş ölkələr başda olmaqla bütün dünya üçün əhəmiyyətlidir.
AzerTimes xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Numan Qurtulmuş keçirdiyi mətbuat konfransında deyib.
“Ona görə də bütün dünya seçkilər prosesini diqqətlə izləyir. Dost və qardaş ölkələrin diqqətini müşahidə edirik. Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) Türkiyədəki seçkiləri Azərbaycandakı seçkilər kimi diqqətlə izləyir. Onlar Azərbaycanın gələcəyinin Türkiyə ilə yaxından bağlı olduğunu əsas götürərək seçkiləri diqqətdə saxlayırlar”, – sədr müavini bildirib.
N. Qurtulmuş vurğulayıb ki, Türkiyədə olan azərbaycanlı deputatlar, jurnalistlər seçkilərə dəstək verirlər:
“Buna görə də hakim partiyanın sədri Prezident İlham Əliyev başda olmaqla, bütün Azərbaycan xalqına təşəkkür edirəm. Ümid edirəm, bu seçkilərin nəticəsində təkcə Türkiyə yox, həm də Azərbaycan güləcək və biz daha güclü region üçün mübarizə aparacağıq”.