Ermənistanın Baş nazirinin həyat yoldaşı Anna Akopyanın rəhbərlik etdiyi “Moy Şa” fonduna böyük miqdarda anonim ianələr köçürülür.
AzerTimes xəbər verir ki, bu barədə“Joqovurd” qəzeti məlumat yayıb.
Məlumata görə, 2021-2022-ci illərdə fondun hesablarına 5 milyon dram (10 min dollar), 47 milyon dram (90 min dollar), 25 milyon dram (50 min dollar), 37 milyon dram (75 min dollar) 20 milyon dram (40 min dollar), 8 milyon dram (16 min dollar) məbləğində 13 böyük birdəfəlik köçürmələr daxil olub:
“Eyni zamanda, birbaşa dollarla da köçürmələr edilib: 300 min dollar, 5 min dollar və s. Əvvəlki illərin rəqəmləri daha böyükdür. 2018-ci ildə fonda 500 min dollar, həmçinin 77 milyon dram (150 min dollardan çox) köçürülüb. 2019-cu ildə anonim mənbələrdən fonda 258 milyon dram (500 min dollardan çox), 50 min dollar və 10 min avro, 2020-ci ildə isə 10 milyon dram (20 min dollar) və 1019 dollar daxil olub. 2018-ci ilin əvvəlində “Moy Şa” Qəyyumlar Şurasının üzvü, Ermənistan parlamentinin keçmiş vitse-spikeri Lena Nazaryan Fonda anonim köçürmələrin məxfiliyinin açılmasını tələb edərək məhkəməyə müraciət edib. Buna baxmayaraq, indi nədənsə özünün əlaqəli olduğu fonda anonim köçürmələr mövzusuna toxunmamağa üstünlük verir”.