Aİİ İstanbulda Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım tədbirləri keçirir (FOTO)

Türkiyənin İstanbul şəhərində Azərbaycan İlahiyyat İnstitutunun
(Aİİ) təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümü ilə
əlaqədar silsilə anım tədbirləri keçirilir.

İstanbul Universitetində Azərbaycan İlahiyyat İnstitutu,
İstanbul Universiteti Ədəbiyyat fakültəsi, Türk Ocaqları İstanbul
Şöbəsi və “Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyinin birgə
təşkilatçılığı ilə baş tutan ilk tədbirdə ali təhsil müəssisəsinin
nəşr etdirdiyi “Geriyə baxma” kitabının təqdimat mərasimi təşkil
olunub.

Öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik
ehtiram sükutu ilə yad edilib, Azərbaycan və Türkiyə
respublikalarının dövlət himnləri səsləndirilib.

Tədbirdə giriş nitqi ilə çıxış edən İstanbul Universiteti
Ədəbiyyat fakültəsinin tarix bölüm başqanı prof. Fatih M. Sancaktar
Xocalı soyqırımından bəhs edib. F.Sancaktar soyqırımında yüzlərlə
günahsız insanın ermənilər tərəfindən xüsusi amansızlıqla qətlə
yetirildiyini xatırladıb. Qeyd edib ki, Ermənistanın hərbi-siyasi
təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməli, beynəlxalq
təşkilatlar, dünya dövlətləri təcavüzkarın Azərbaycan torpaqlarında
törətdiyi hərbi cinayətə – Xocalı soyqırımına beynəlxalq
siyasi-hüquqi qiymət verməlidirlər.

Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru, fəlsəfə üzrə
fəlsəfə doktoru Mirniyaz Mürsəlov tarixboyu ermənilərin
türk-müsəlman əhalisinə qarşı düşmən münasibətində olduqlarını
diqqətə çatdırıb. O qeyd edib ki, Xocalıda baş vermiş qətliam
təsadüf deyil, məhz bilərəkdən və düşünülmüş şəkildə həyata
keçirilib. Daha sonra bildirib ki, beynəlxalq səviyyədə qəbul
edilmiş normativlər deməyə əsas verir ki, Xocalı hadisələri
Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı aktıdır.

Türk Ocaqları İstanbul Şöbəsinin müdiri Cezmi Bayram Xocalı
soyqırımını ermənilərin tarixboyu törətdikləri ən böyük vəhşilik
kimi dəyərləndirib. Bildirib ki, həmin gecə Xocalıda yaşayan yerli
əhali vəhşicəsinə qətlə yetirilib. Cezmi Bayram bu qanlı hadisənin
dünya miqyasında tanıdılmasının vacibliyini vurğulayıb.

“Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyinin sədri
Səriyyə Cəfərova tədbirdə çıxış edərək, müəllifi olduğu “Geriyə
baxma” kitabı haqqında məlumat verib. Qeyd edib ki, əsər 1992-ci il
fevralın 25-dən 26-na keçən gecə erməni vandalları tərəfindən
törədilmiş Xocalı soyqırımından bəhs edir. Soyqırımı zamanı 613
nəfər şəhid olmuşdur – onlardan 70 nəfəri ahıldır. Müəllif
vurğulayıb ki, bu insanların faciəli həyatı kitabda öz əksini
tapıb.

Tədbirdə “CNN Türk” televiziya kanalının hazırladığı “Qarabağ
Azərbaycandır” sənədli filminin nümayişi olub.

Teqlər: