Aİ və ÜST Azərbaycan səhiyyə qurumlarına 600-dən artıq avadanlıq verib

7 aprel – Ümumdünya Sağlamlıq Günündə Avropa İttifaqının (Aİ)
maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən
həyata keçirilən “COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək” layihəsi
çərçivəsində ÜST-nin Azərbaycan Nümayəndəliyi avadanlıqların
təhvil-təslim mərasimini təşkil edib.

AzerTimes-ın məlumatına görə, hər il aprel ayının sonunda keçirilən
ənənəvi Avropa İmmunlaşdırma Həftəsi ərəfəsində təşkil edilmiş
tədbirdə Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Dr.
Nadir Zeynalov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin
(TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Dr. Vüqar
Qurbanov, ÜST-nin Azərbaycandakı nümayəndəsi və Ölkə Ofisinin
rəhbəri Dr. Hande Harmancı, Avropa İttifaqının Azərbaycandakı
səfiri Peter Mixalko və yerli səhiyyə tərəfdaşları iştirak
edib.

Tədbirdə COVID-19 pandemiyası ilə mübarizədə sözügedən layihə
çərçivəsində görülmüş işlər və əldə edilmiş əsas nailiyyətlər qeyd
edilib. Ölkədə həm COVID-19, həm də rutin peyvəndlərin saxlanması
üçün soyuq zəncir sisteminin gücləndirilməsi məqsədilə Səhiyyə
Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzlərinə hər biri 145
litr peyvənd tutumuna malik 100 peyvənd soyuducusu, TƏBİB-ə isə hər
biri 98 litr peyvənd tutumuna malik 200 peyvənd soyuducusu təhvil
verilib. ÜST tərəfindən kvalifikasiya olunmuş bütün soyuducular
enerji stabilizatoru və 30 günlük temperatur monitorinqini təmin
edən cihazla təchiz edilib. Peyvənd soyuducularından əlavə, yerli
səhiyyə tərəfdaşlarına səyyar immunlaşdırma kampaniyalarında
istifadə məqsədilə xüsusi dizayn edilmiş 122 portativ peyvənd
daşıyıcısı, həmçinin rəqəmsallaşma və nəzarət mexanizminin
gücləndirilməsi məqsədilə 102 kompüter, 79 printer və 79 enerji
qaynağı cihazı (UPS) təqdim edilib.

Qeyd edək ki, peyvəndlərin təhlükəsiz şəraitdə saxlanması və
daşınmasının təmin edilməsi məqsədilə “COVID-19 əleyhinə
Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində əlavə avadanlıq və
cihazların təhvil-təslimi planlaşdırılır. Bu məqsədlə, aprel ayının
sonlarında ÜST-nin Azərbaycan Nümayəndəliyi tərəfindən daha 500
peyvənd daşıyıcısı TƏBİB-ə təhvil veriləcək. Təhvil verilmiş
avadanlıqlardan düzgün istifadənin təmin edilməsi məqsədilə yerli
tibb müəssisələrinin əməkdaşları üçün müvafiq təlimlərin
keçirilməsi nəzərdə tutulur.

Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizə və rutin
immunlaşdırma proqramlarının gücləndirilməsi məqsədilə ÜST-nin
Azərbaycandakı Nümayəndəliyi 2021-ci ilin iyun ayından etibarən
Avropa İttifaqının maliyyə dəstəyi ilə üç illik “COVID-19 əleyhinə
Vaksinasiyaya Dəstək” layihəsini həyata keçirməyə başlayıb. Bu
layihə Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatının
Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir

Teqlər: