Avropa İttifaqının xarici işlər nazirləri gələn həftə son günlərdə Qazaxıstanda hökumət əleyhinə etirazların yatırılmasına mümkün cavab tədbirlərini müzakirə edəcəklər.
AzerTimes-ın “Deutsche Welle”yə istinadən verdiyi məlumata görə, bunu “CNews” telekanalına Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə dövlət katibi Kleman Bon deyib.
Onun sözlərinə görə, Avropa Qazaxıstana bununla bağlı siqnal verməlidir və XİN rəhbərləri bu üzrə tədbirləri müzakirə edəcəklər.
Qeyd edək ki, 2022-ci ilin yanvarın 1-də Fransa Avropa İttifaqı Şurasının sədri olub.
Yanvarın 2-də Qazaxıstanın bir sıra şəhərlərində etiraz aksiyaları keçirilib. Bir neçə gün ərzində onlar ölkənin bir çox şəhərlərində iğtişaşlara və dövlət orqanlarına hücumlara çevrilib. Minlərlə insan xəsarət alıb, ölənlər var. Prezident Kasım-Jomart Tokayev kömək üçün KTMT-yə müraciət edib. Sülhməramlılar artıq Qazaxıstanda öz tapşırıqlarını yerinə yetirməyə başlayıblar. Hakimiyyət orqanlarının məlumatına görə, yanvarın 7-də respublikanın bütün bölgələrində ümumilikdə nizam bərpa edilib.