Aİ-nin Azərbaycandakı nümayəndəliyi ölkə biznesinə maliyyə yardımı göstərəcək – Peter Mixalko

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi ölkə
biznesinə iki milyard avro həcmində maliyyə yardımı göstərəcək.

Trend-in
məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin
rəhbəri Peter Mixalko “Daha əlverişli KOB mühitinin yaradılması və
rəqabət qabiliyyətinin artırılmasında Azərbaycan Hökumətinə dəstək”
və “Azərbaycanın kənd yerlərində sahibkarlığın inkişafına dəstək”
texniki yardım layihələrinin tamamlanmasına həsr olunan tədbirdə
deyib.

O bildirib ki, bu maliyyələşmə aləti 25 minədək sahibkarı əhatə
edəcək.

“Azərbaycan hökuməti kiçik və orta biznesin inkişafı sahəsində
irəliləyişə nail olub. Biz Kiçik və Orta Biznesin İnkişafı
Agentliyi ilə əməkdaşlıq edərək bu irəliləyişin şahidi olmuşuq. Biz
Azərbaycanda KOB subyektlərinə maliyyə dəstəyini davam
etdirəcəyik”, – deyə o bildirib.

P.Mixalko qeyd edib ki, Aİ-nin Azərbaycandakı nümayəndəliyi həm
də sahibkarlığın mikrokreditləşməsinin təhlilini keçirib.

“Bu işlər çərçivəsində biz Azərbaycan tərəfinə tövsiyələrimizi
vermişik və Avropa təcrübəsinin daha çox inteqrasiyasını
planlaşdırırıq”, – o deyib.

Onun sözlərinə görə, Aİ-nin Azərbaycandakı nümayəndəliyi və
KOBİA sahibkarlığın rəqəmsallaşması və “yaşıl” texnologiyalara
keçid üzrə layihələr reallaşdırır.

(Tərcümə: Orxan Nəbiyev)