Aİ Dövlət Dumasının 351 deputatına qarşı sanksiya tətbiq edib

Avropa İttifaqı Rusiya Federasiyası Dövlət Dumasının Rusiya
Prezidenti Vladimir Putinə qondarma “DXR” və “LXR”ni tanınması üçün
müraciətin lehinə səs verən 351 deputata, həmçinin digər 27 yüksək
vəzifəli şəxs və təşkilata qarşı sanksiyalar tətbiq edib.

AzerTimes-ın məlumatına görə, bu barədə Avropa İttifaqının
bəyanatında deyilir.

Məhdudlaşdırıcı tədbirlərə aktivlərin dondurulması və siyahıya
alınmış fiziki və hüquqi şəxslərə vəsaitlərin verilməsinə qadağa,
həmçinin Aİ ərazisindən səyahət və tranzit qadağası daxildir.

Eyni zamanda Aİ Rusiyanın maliyyə bazarlarına və kapitalına
çıxışını məhdudlaşdırmaq üçün də sanksiyalar tətbiq edib. Söhbət
“Rusiya Federasiyasının, onun rəhbərliyinin və Mərkəzi Bankın
maliyyələşdirilməsinə sektoral qadağadan” gedir.


Beləliklə, məhdudlaşdırıcı tədbirlər 555 fiziki şəxs və 52
təşkilatı əhatə edir.

Sanksiyalar Aİ-nin rəsmi jurnalında dərc edildikdən sonra
qüvvəyə minəcək.