Mayın 24-də Türkiyənin Bank-Maliyyə və Sığorta İşçiləri
Həmkarlar İttifaqının (BASİSEN) sədri Mətin Tiryakioğlu ölkəmizə
səfəri çərçivəsində Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasında (AHİK) AHİK sədri, Milli Məclisin deputatı
Səttar Möhbalıyevlə görüşüb.
Görüşdə Azərbaycanla Türkiyə arasında mövcud olan qardaşlıq
münasibətlərindən, həmçinin hər iki ölkənin həmkarlar ittifaqları
arasındakı əlaqələrdən, əməkdaşlığın daha da möhkəmləndirilməsi
istiqamətində görülən işlərdən və gələcək perspektivlərdən
danışılıb.
AHİK sədri bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyata keçirdikləri
məqsədyönlü siyasət sayəsində ölkələrimiz arasındakı münasibətlər
daha yüksək səviyyəyə çatıb, bir sıra sahələr üzrə isə keyfiyyətcə
yeni müstəviyə qədəm qoyub.
İşğal olunmuş Azərbaycan torpaqlarının 2020-ci ildə əks-hücum
əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə
dövlətinin və onun prezidentinin Azərbaycana göstərdiyi mənəvi və
diplomatik dəstəyi dəyərləndirən S.Möhbalıyev deyib ki, bu, sözün
hər bir mənasında, təmənnasız qardaşlığın nümunəsi idi və buna görə
Türkiyə rəhbərliyinə və xalqına təşəkkür edirəm.
Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətindən danışan
S.Möhbalıyev qeyd edib ki, həmkarlar ittifaqları ölkəmizdə vətəndaş
cəmiyyətinin möhkəmlənməsində əhəmiyyətli rola malikdir, sosial
siyasətin həyata keçirilməsində yaxından iştirak edir, dövlətin
bütün çağırışlarına, o cümlədən sosialyönlü təkliflərinə adekvat
cavab verir.
S.Möhbalıyev əlavə edib ki, bu gün həmkarlar ittifaqları əmək
prosesinə cəlb olunmuş Azərbaycan vətəndaşlarının hüquqlarının
müdafiəçisi kimi ölkəmizdə fəaliyyət göstərən bütün müəssisələrdə
iş şəraitinin müasir standartlara uyğunlaşdırılması, sosial
problemlərin həlli və əmək hüquqlarının təmin olunması sahəsində
yeni metod və vasitələrdən istifadə edərək daha ardıcıl və
məqsədyönlü fəaliyyət göstərir.
Səmimi qəbula görə təşəkkür edən BASİSEN sədri Mətin Tiryakioğlu
Vətən müharibəsində Azərbaycanın qazandığı qələbəni tarixi hadisə
adlandırıb və bu münasibətlə azərbaycanlı həmkarlarını təbrik edib.
Qeyd edib ki, Azərbaycan və Türkiyənin həmkarlar ittifaqları
arasında münasibətlər günü-gündən inkişaf edir, qarşılıqlı səfərlər
təşkil edilir, təcrübə mübadilələri aparılır. Vurğulayıb ki,
Azərbaycan həmkarlar ittifaqlarının təcrübəsi rəhbərlik etdiyi
qurum üçün çox önəmlidir və bundan yararlanmağa çalışacaqlar.
Görüşdə həmçinin maraq doğuran digər məsələlərin də müzakirəsi
aparılıb.