Mingəçevir Dövlət Universiteti “TEKNOFEST”də üç komanda ilə təmsil olunacaq (FOTO)

2022-ci ilin 24 may tarixində Mingəçevir Dövlət Universitetinin
(MDU) rektoru Şahin Bayramov “TEKNOFEST” aviasiya, kosmos və
texnologiya festivalının final mərhələsində universiteti təmsil
edəcək komandaların üzvləri ilə görüşüb.

Görüşdə iki qardaş ölkənin birgə təşkilatçılığı ilə
reallaşdırılan “TEKNOFEST Azərbaycan” festivalının final
mərhələsində MDU-dan üç komandanın iştirak hüququ qazanmasından
böyük məmnunluq və fəxarət hissi keçirdiyini bildirən rektor bu
münasibətlə universitet təmsilçilərini təbrik edib.

Belə mötəbər tədbirin bu il Türkiyədən kənarda ilk dəfə olaraq
Azərbaycanda keçirilməsini iki ölkə arasında yüksək səviyyədə
inkişaf edən qardaşlıq münasibətlərinin təzahürlərindən biri
olduğunu vurğulayan Ş.Bayramov festival çərçivəsində yeni
texnologiyaların və innovativ həllərin təqdim ediləcəyi müsabiqə və
hakatonlarda iştirakı gənclərin karyera inkişafında əlamətdar
hadisə kimi dəyərləndirib.

MDU-nun festivalda layiqincə təmsil olunacağına əminliyini
bildirən rektor komanda üzvlərinə uğurlar arzulayıb.

Göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə edən görüş
iştirakçıları universitet rəhbərliyinin etimadını doğruldacaqlarını
söyləyiblər.

Qeyd edək ki, yeni dövrün universitetinə çevrilməyi hədəfləyən
MDU-da qardaş Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya
festivalı olan “TEKNOFEST”də iştiraka xüsusi önəm verilir. MDU-nu
cari ilin 26-29 may tarixlərində Bakıda baş tutacaq festivalın
final mərhələsində Aqrar texnologiyalar müsabiqəsi üzrə “Sevil” və
“Agrinova” komandaları, “Smart Qarabağ” hakatonu üzrə isə “Zəfər”
komandası təmsil edəcək. Tələbələrdən ibarət MDU komandalarının
təqdim etdikləri layihələr universitetin akademik heyət üzvlərinin
mentorluğu ilə hazırlanıb. “Sevil” komandası “Ağıllı müqəvva – əkin
tarlalarının uzaqdan qorunması”, “Aqrinova” komandası “İrrinova –
süni intellektlə suvarmanın uzaqdan idarə olunması” və “Zəfər”
komandası “GarabaghVRTEX – Qarabağdakı tarixi məkanların virtual
reallıq ilə gəzinti cihazının dizaynı” layihələrini nümayiş
etdirəcək.

Teqlər: