AHİK-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 illiyi ilə əlaqədar tədbir keçirilib (FOTO)

Mayın 6-da müasir Azərbaycan dövlətinin banisi, dünya şöhrətli
siyasi xadim Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu
ildönümü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasında (AHİK) tədbir keçirilib.

Tədbirdə AHİK-in rəhbər işçiləri, həmçinin üzv və tabe
təşkilatların sədrləri və məsul əməkdaşları iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları dahi şəxsiyyət Heydər Əliyevin
büstü önünə gül dəstələri düzərək əziz xatirəsinə ehtiramlarını
ifadə ediblər. Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın
ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir
dəqiqəlik sükutla yad edildikdən sonra Ulu Öndərin həyat və siyasi
fəaliyyətinin bəzi məqamlarını əks etdirən videoçarx tədbir
iştirakçılarına nümayiş etdirilib.

Tədbirdə çıxış edən AHİK sədri, Milli Məclisin deputatı Səttar
Möhbalıyev Ulu Öndərin Azərbaycan xalqının və dövlətinin
həyatındakı tarixi missiyalarından söz açaraq onu xilaskar lider
adlandırıb: “Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi müxtəlif
dövrlərdə həyata keçirdiyi strategiya bütün sahələrdə əldə edilən
uğurların əsasını təşkil edir. Azərbaycan xalqı xoşbəxtdir ki,
tarix ona Heydər Əliyev kimi dünya miqyaslı şəxsiyyətin simasında
əsl Ümummilli Lider bəxş etmişdir. O, xalqımızın və dövlətimizin
qarşısında duran çətinlikləri aradan qaldırmaqla Azərbaycan
dövlətini qısa zamanda hüquqi, dünyəvi, demokratik dövlətə
çevirdi”.

“Hələ 1969-cu ildə Respublika rəhbəri təyin edilən Heydər Əliyev
tez bir zamanda öz gərgin əməyi sayəsində Azərbaycanı digər SSRİ
respublikaları arasında önə çıxarmağı bacardı. Hakimiyyətinin ilk
illərindən etibarən daim öz qayğısını xalqdan əsirgəməmiş, istər
birinci katib işləyərkən, istərsə də ondan sonra İttifaq səviyyəli
vəzifələrdə çalışarkən Azərbaycan xalqını, onun maraq və mənafeyini
bütün maraqlardan üstün tutmuşdur. Heydər Əliyev dəfələrlə öz
sinəsini sipər kimi qabağa verərək xalqımızın və dövlətimizin
əleyhinə qərar qəbul edilməsinə mane olmuş, mötəbər tribunalardan
dəyərli, tutarlı və kəskin fikirləri ilə düşmənləri yerində
oturtmuşdur”, – AHİK sədri bildirib.

“Ulu öndərin təşəbbüsü və fəal iştirakı ilə 1978-ci ildə
Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi və orada
Azərbaycan dilinin dövlət dili kimi təsbit
edilməsi Heydər Əliyevin müstəsna xidmətləridir. Totalitar sovet
rejiminin hökm sürdüyü o dövrdə respublikanın ali qanununda xalqın
mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf
etdirilməsi üçün hüquqi əsasların müəyyən edilməsi olduqca
cəsarətli addım idi”, – S.Möhbalıyev vurğulayıb.

“Azərbaycan həmkarlar ittifaqlarının güclü
təşkilat kimi möhkəmlənməsində, onun sıralarının genişlənməsində,
vətəndaş cəmiyyətində özünə layiq yer tutmasında Ulu Öndərin
əvəzsiz xidmətləridir. Hələ Sovet İttifaqı dövründə həmkarlar
ittifaqlarına daim diqqət və qayğı ilə yanaşırdı. Həmin dövrdə o,
Azərbaycan həmkarlar ittifaqlarının keçirdiyi tədbirlərində, o
cümlədən, əksər qurultaylarında iştirak etmişdir. Xalqın tələbi ilə
ikinci dəfə ölkə rəhbərliyinə gətirilən Ulu Öndərin Prezident
seçilməsindən cəmi bir il sonra – 1994-cü ildə bilavasitə onun
təşəbbüsü və nəzarəti altında həmkarlar ittifaqlarının fəaliyyətini
müasir tələblər səviyyəsində tənzimləyən və beynəlxalq həmkarlar
ittifaqı təcrübəsinə tam əsaslanan “Həmkarlar İttifaqları Haqqında”
Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Bütün bunlar Heydər
Əliyevin həmkar ittifaqlarına göstərdiyi dövlət qayğısının
nümunəsidir”, – S.Möhbalıyev deyib.

Konfederasiya sədri ölkəmizin Prezident İlham Əliyevin
rəhbərliyi altında genişmiqyaslı inkişafını, sürətli tərəqqisini,
doğma Vətənimizin dünyaya yeni formada təqdim edilməsini Ulu
Öndərin müəyyənləşdirdiyi yolun layiqli davamı kimi dəyərləndirib:
“44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər Heydər
Əliyevin müəyyənləşdirdiyi və müzəffər Ali Baş Komandan cənab İlham
Əliyevin layiqincə davam etdirdiyi siyasətin nəticəsi və
təntənəsidir. Ermənistanın 30 illik işğalına son qoyuldu,
məğlubiyyət damğası birdəfəlik üzərimizdən götürüldü, yeganə ağrılı
problemimiz həllini tapdı. Azərbaycan döyüş meydanında yalnız
Ermənistanı cəzalandırmadı, həm də onilliklər boyunca xalqımız
barədə dünyada mənfi obrazlar yaratmağa çalışan dünya erməniliyinə
böyük zərbə vurdu. Ermənistan ordusunun gücü, erməni əsgərinin
döyüş əzmi barədə uydurulmuş mif bir neçə gündə darmadağın
edildi”.

S.Möhbalıyev əminliklə ifadə edib ki, xalqımızın Ümummilli
Lideri Heydər Əliyevin müzəffər davamçısı Prezident İlham Əliyevin
ətrafında sıx birləşməsi bizi növbəti, daha böyük qələbələrə
daşıyacaq və Azərbaycan həmkarlar ittifaqları da bu sarsılmaz
birlik naminə üzərinə düşən bütün işləri ləyaqətlə yerinə
yetirəcək.

Teqlər: