Vətəndaşların maliyyə xidmətlərinə əlçatanlılığının artırılması
məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı, “AccessBank”
QSC və “Azərpoçt” MMC-nin birgə layihəsi olan “agent bankçılıq” may
ayından etibarən Qəbələ sakinlərinə də xidmət göstərir. Vətəndaşlar
Qəbələ şəhəri, Həzi Aslanov 39 ünvanında yerləşən “Azərpoçt” MMC
filialında “AccessBank” QSC-in təqdim etdiyi maliyyə xidmətlərindən
istifadə edə bilərlər.
Qeyd edək ki, Mərkəzi Bankın təşəbbüsü və Beynəlxalq Maliyyə
Korporasiyasının (İFC) dəstəyi ilə həyata keçirilən layihə
modelinin tətbiqinə ilk olaraq Ağdaş rayonunda yerləşən “Azərpoçt”
filialında başlanılıb. Artıq mart ayından etibarən şəhər sakinləri
Bəkir Nəbiyev küçəsi-15/4 ünvanında yerləşən poçt filialında bank
xidmətlərindən yararlanırlar.
Tələbata əsasən, adı çəkilən regionlarda “Azərpoçt” MMC
filialında müştərilərə mikro və aqro kreditlər, həmçinin istehlak
kreditləri və debit kartlarını təklif olunur.
“Agent bankçılıq” modeli bank məhsul və xidmətlərinin
müştərilərə üçüncü tərəf təşkilatlar tərəfindən təqdim edilməsidir.
Beynəlxalq təcrübədə xüsusilə bank filial və şöbələrinin sayı aşağı
olan ərazilərdə əhalinin bank xidmətlərinə çıxış imkanlarının
artırılması üçün sözügedən modeldən geniş istifadə edilir.
“Azərpoçt” MMC və “AccessBank” QSC arasında əldə olunmuş
razılığa əsasən, növbəti mərhələdə “agent bankçılıq” layihəsinə
Masallı və Zərdab rayonları qoşulacaq.
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq,
2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın
səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya
Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və
qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla 29
filialı fəaliyyət göstərir.
Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə
mərkəzinə zəng etmək, həmçinin https://www.accessbank.az
saytına, və ya bankın sosial media hesablarına (Facebook,
Instagram,
LinkedIn)
daxil olmaq olar.