Ağdam-Xankəndi yolundan istifadəyə maneə…

Ağdam-Xankəndi yolundan istifadəyə maneə…

Ermənistan Azərbaycan ərazisindən tam çıxarılmamış silahlı qüvvələrin ehtiyaclarını təmin və təchiz etməkdən, habelə Azərbaycanın təbii sərvətlərini qanunsuz olaraq istismar etməkdən məhrum olması reallığı ilə barışmayıb. Bu səbəbdən, Ermənistan bütün dünyada təbliğat kampaniyasına başlayıb, sərhəd-buraxılış məntəqəsinin normal fəaliyyəti, eləcə də Azərbaycanın Qarabağ bölgəsinə yüklərin çatdırılması üçün Ağdam-Xankəndi yolu kimi digər marşrutlardan istifadə edilməsinə qarşı bir sıra hərbi və digər maneələr törədib.

AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Qeyd olunub ki, bu yaxınlarda, bir sıra intensiv məsləhətləşmələr və “məkik diplomatiyası” səylərindən sonra nəhayət Qarabağ bölgəsinə humanitar yüklərin müxtəlif marşrutlarla çatdırılması, həmçinin Azərbaycanın xüsusi nümayəndəsi ilə yerli erməni sakinlərinin nümayəndələri arasında görüşün təşkili ilə bağlı razılıq əldə edilmişdi.

“Birinci məsələ üzrə, yerli sakinlərin ehtiyaclarını ödəmək məqsədilə, Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə humanitar yüklərin çatdırılmasına şərait yaratmaq üçün Ermənistan tərəfindən Ağdam-Xankəndi yolundan istifadənin qarşısının alınması məqsədilə qoyulmuş beton və bütün digər fiziki maneələr aradan qaldırılmalı idi. Bunun ardınca, 24 saat ərzində BQXK-nın Laçın yolundan istifadəsinin intensivləşməsi baş tutmalı idi. Rusiya sülhməramlı kontingenti və BQXK daxil olmaqla bütün tərəflər bu razılaşmanı praktiki olaraq həyata keçirməyə hazır idilər.

İkinci məsələ üzrə isə Yevlaxda Azərbaycanın xüsusi nümayəndəsi və yerli erməni sakinlərinin nümayəndələri arasında görüşün keçirilməsi barədə razılıq əldə olunmuşdu. Lakin, 2023-cü il avqustun 5-də Ermənistan öz qondarma rejimi vasitəsilə siyasi motivli, qeyri-qanuni şərtlər və müxtəlif bəhanələr irəli sürməklə əldə olunmuş hər iki razılıqdan son anda boyun qaçırdı. Başqa sözlə, Ermənistanın bütövlükdə beynəlxalq ictimaiyyət və xüsusilə BMT Təhlükəsizlik Şurasından tələb etdiklərinə, bir neçə gün əvvəl tərəfdaşların, o cümlədən Təhlükəsizlik Şurasının üzvlərinin dəstəyi nəticəsində həqiqətən nail olmaq mümkün idi. Bu, yalnız Ermənistanın özünün imtina etməsi səbəbindən baş vermədi”, – deyə XİN-in bəyanatında vurğulanıb.

Teqlər: