Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir

Xəbər - Fərid Zöhrabov – Trend:

İşğaldan azad edilmiş ərazilərimizin sənaye potensialının
inkişaf etdirilməsi məqsədilə yaradılan Ağdam Sənaye Parkına
sahibkarlar tərəfindən böyük maraq göstərilir. Artıq 5 sahibkara
sənaye parkının rezidenti statusu verilib.

“Dadaş-N” MMC

Müxtəlif çeşiddə sintetik xalçaların istehsalı ilə məşğul olacaq
“Dadaş-N” MMC Ağdam Sənaye Parkında 2 ha ərazidə fabrik inşa
edəcək. İnvestisiya dəyəri 9,5 milyon manat olan layihə
çərçivəsində il ərzində 700 min kvadratmetr xalça istehsalı, 60
nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur. Məhsul
istehsalında polipropilen, polietilen və poliakril kimi yerli
xammaldan istifadə olunacaq. İstehsal prosesində Belçika və Çin
texnologiyaları tətbiq ediləcək. İstehsal olunan məhsulların daxili
bazarda satılması ilə yanaşı, MDB ölkələrinə ixracı
planlaşdırılır.

“Veliev” MMC

Ağdam Sənaye Parkının digər rezidenti “Veliev” MMC tərəfindən
“Prefabrik dəmir-beton məmulatları istehsalı” layihəsi həyata
keçiriləcək. Layihə çərçivəsində körpülərin, sənaye və yaşayış
binalarının tikintisi üçün gərginləşdirilmiş dəmir beton
dirəklərin, kirişlərin, fermaların, döşəmə panellərinin, üfüqi su
novlarının, dəmir beton dirəklərin, müxtəlif növ hasarların,
kanalizasiya borularının, səki və divar daşlarının, yaşayış
binalarının tikintisi üçün izolyasiyalı panellərin və s. istehsalı
nəzərdə tutulur. Dəyəri 2,5 milyon manat təşkil edən layihə
çərçivəsində il ərzində 200 min kvardat metr dəmir beton
məmulatlarının istehsalı planlaşdırılır. Müəssisədə 80 daimi iş
yeri yaradılacaq. Türkiyə və yerli texnologiyalardan istifadə
ediləcək müəssisədə istehsal olunan məhsullar ilkin olaraq daxili
bazarın tələbatının ödənilməsinə yönəldiləcək.

“Smartpoint” MMC


Ağdam Sənaye Parkının rezidenti “Smartpoint” MMC Sənaye Parkının
ərazisində alternativ və bərpaolunan enerji mənbələri ilə (əsasən
günəş enerjisi) qidalanan işıq dirəklərinin və digər qurğuların
istehsalını təşkil edəcək. Layihənin investisiya dəyəri 9,1 milyon
manatdır. Layihə çərçivəsində yaradılacaq müəssisədə Türkiyə və
İtaliya texnologiyalarından istifadə ediləcək. Müəssisədə ildə 21
min işıq dirəyi və 40 meqavat gücündə digər qurğuların istehsal
olunması nəzərdə tutulur. “Smartpoint” MMC Sənaye Parkının
rezidentləri üçün bütün güzəştlərdən (tam infrastruktur təminatı və
vergi azadolmaları) faydalanacaq. Sənaye Parkının 1,3 hektar
ərazisində inşa ediləcək müəssisədə 80 daimi iş yeri yaradılacaq.
Müəssisənin tikintisinə başlandıqdan sonrakı 6 ay müddətində
istismara verilməsi nəzərdə tutulur. İstehsal edilən məhsulların
daxili bazarda satılması ilə yanaşı, Gürcüstan, Qazaxıstan və
Özbəkistana da ixrac olunması planlaşdırılır.

“Ram Beynəlxalq Nəqliyyat və Ticarət” MMC

Ağdam Sənaye Parkının daha bir rezidenti “Ram Beynəlxalq
Nəqliyyat və Ticarət” MMC tərəfindən “Polimer məhsulların
istehsalı” layihəsi həyata keçiriləcək. Layihə çərçivəsində
müxtəlif çeşidli iri kisələrin və iri həcmli plastik konteynerlərin
istehsalı nəzərdə tutulur. Layihənin investisiya dəyəri 10 milyon
manatdır. Sənaye Parkının 3 hektar ərazisində inşa ediləcək
müəssisədə 500 daimi iş yeri yaradılacaq. Müəssisənin tikintisinə
başlandıqdan sonrakı 12 ay müddətində istismara verilməsi nəzərdə
tutulur. İstehsal edilən məhsulların daxili bazarda satılması ilə
yanaşı, Avropa və MDB ölkələrinə ixrac olunması planlaşdırılır.

“Ağ Tekstil” MMC

Ağdam Sənaye Parkının rezidenti “Ağ Tekstil” MMC tərəfindən
“Uniforma, xüsusi və fərdi geyimlərin istehsalı” layihəsi həyata
keçiriləcək. Layihə çərçivəsində uniforma, xüsusi və fərdi
geyimlərin istehsalı nəzərdə tutulur. Layihənin investisiya dəyəri
5,5 milyon manatdır. Sənaye Parkının 1 hektar ərazisində inşa
ediləcək müəssisədə 110 daimi iş yeri yaradılacaq. Müəssisənin
tikintisinə başlandıqdan sonrakı 12 ay müddətində istismara
verilməsi nəzərdə tutulur. İstehsal olunan məhsullar daxili bazarın
tələbatının ödənilməsinə yönəldiləcək.

Teqlər: