“Azərbaycan işğaldan azad edilmiş ərazilərində iri miqyaslı
bərpa-quruculuq işlərini böyük vüsətlə davam etdirir. Ölkə
Prezidenti cənab İlham Əliyevin həmin ərazilərə davamlı səfərləri
görülən işlərin xüsusi diqqət mərkəzində saxlandığından xəbər
verir. Bu gün işğaldan azad olunmuş rayon və bölgələrimizin istər
iqtisadi inkişafı, istərsə də mənəvi dirçəlişi üçün dövlətimiz
tərəfindən bütün lazımi tədbirlər görülür, bu istiqamətdə
məqsədyönlü addımlar atılır. Görülən kompleks tədbirlər işğaldan
azad edilmiş ərazilərlə yanaşı, qonşu rayon və bölgələrin də
inkişafına yeni dinamika gətirir. Fevralın 13-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban
Əliyevanın Ağdam və Ağcabədi rayonlarına etdikləri səfər
çərçivəsində bir çox mühüm obyektlərin açılışı olub. Dövlətimizin
başçısı bölgənin inkişafı üçün böyük əhəmiyyət kəsb edəcək bir neçə
sənaye, turizm, səhiyyə müəssisələrinin, eləcə sosial obyektlərin
təməlini qoyub. Bununla da Prezident İlham Əliyev Qarabağ və Şərqi
Zəngəzur iqtisadi rayonlarının Azərbaycan iqtisadiyyatına sürətli
reinteqrasiyasının artıq qarşısıalınmaz proses olduğuna dair bütün
dünyaya növbəti mesaj ünvanlamış oldu”.
Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan
Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili qeyd edib ki, Ağdam rayonunun bərpası ilə bağlı
görülən kompleks tədbirlər qısa müddət ərzində bölgənin sürətli
inkişaf mərhələsinə keçidini təmin edəcək: “Prezident İlham Əliyev
Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi
ilə tanışlıqdan sonra etdiyi çıxışında rayonun inkişafı məqsədilə
dövlət tərəfindən görülən kompleks tədbirlər, həyata keçirilən iri
miqyaslı infrastruktur layihələr barədə detallı açıqlamalar
verməklə yanaşı, eyni zamanda da Azərbaycanlı iş adamlarının bu
işlərdə daha aktiv olmalarının vacibliyini qeyd etdi. Həqiqətən də
Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərin yenidən
dirçəlməsi üçün bütün zəruri addımları atır. Dövlətimizin başçısı
tərəfindən Ağdam şəhərində sənaye parkının ilk rezidentləri
tərəfindən yaxın gələcəkdə istifadəyə veriləcək yeni müəssisələrin
təməl daşının qoyulması da məhz bu addımlardan biridir. Məlum
olduğu kimi, bu gün ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin
ən önəmli istiqamətlərindən biri sənaye sektorunun, xüsusilə də
qeyri-neft sənayesinin sürətli inkişafıdır. Bu baxımdan sənaye
parkları və məhəllələrinin yaradılması xüsusi önəm kəsb edir.
Ağdamın Qarabağ regionunda tutduğu coğrafi mövqeyi, insan
resursları potensialı və infrastruktura çıxış imkanları şəhərin
gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını
artırır. Ağdam Sənaye Parkının yaradılması da məhz bu məqsədə
xidmət edir. Ağdam Sənaye Parkı 190 hektar ərazini əhatə edir.
Sənaye Parkının prioritet istiqamətləri kimi tikinti
materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının
qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları,
yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin,
soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib. Ağdam Sənaye
Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Artıq 5
sahibkarlıq subyekti bu Parkın rezidenti kimi qeydiyyata alınıb.
Hazırda İqtisadi Zonaların İnkişafı Agentliyində sahibkarlar
tərəfindən təqdim edilən daha 10-dan çox layihəyə baxılır. Lakin
məhz yerli sahibkarlar bu istiqamətdə fəallıqlarını daha da
artırmalıdırlar. Dövlət başçımızın da qeyd etdiyi kimi,
Azərbaycanın iş adamları Ağdam və azad edilmiş bütün digər
ərazilərə sərmayə qoymalı və müasir layihələri
reallaşdırmalıdırlar. Bu gün Azərbaycanda biznes üçün, sahibkarlıq
fəaliyyəti üçün çox gözəl şərait yaradılıb. Dövlət sahibkarları
dəstəkləyir və həm mənəvi-siyasi dəstək verilir, eyni zamanda,
güzəştli kreditlər verilir. Bölgələrdə infrastruktur layihələrinin
icrası sahibkarlıq üçün də gözəl imkanlar yaradır. Bütün bunlar
yerli istehsalın inkişafına təkan vermək və bununla da bölgənin
resurslarının iqtisadi dövriyyəyə cəlb edilməsinə, Qarabağın
dirçəlişini, bütünlükdə ölkəmizdə qeyri-neft sənayesinin inkişafın
sürətləndirmək məqsədi güdür”, – deyə K.Qafarov bildirib.
Millət vəkili vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə
infrastruktur layihələrinin sürətli icrası bu ərazilərin yenidən
məskunlaşmasına ən qısa zamanda imkan verəcək: “Artıq bu gün
işğaldan azad edilmiş torpaqlarda yarımstansiyaların sayı 9-a
çatıb. “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti
nəticəsində bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə
təmin ediləcək. Ağdamda müasir mehmanxana təqribən 2 ildən sonra
fəaliyyətə başlayacaq. Dövlət başçısı tərəfindən yeni yaşayış
kompleksinin təməl daşının qoyulması xüsusi əhəmiyyət kəsb edən
əlamətdar hadisədir. Altı evdən ibarət yaşayış kompleksi təqribən
il yarıma-iki ilə inşa ediləcək. Həmçinin 210 çarpayılıq Ağdam
Mərkəzi Şəhər Xəstəxanasının inşası ağdamlılara yüksək səviyyədə
müasir tibbi xidmətin göstərilməsi üçün imkanlar yaradacaq. Hazırda
Ağdam şəhər 1 nömrəli orta məktəbin inşası davam edir. Bu məktəbdə
təqribən minə yaxın şagird oxuyacaq”.
Kamaləddin Qafarov açıqlamasının sonunda demişdir: “Ağdamın
yol-nəqliyyat infrastrukturu da tamamilə yenidən qurulur.
Bərdə-Ağdam avtomobil yolu, dəmir yolu inşa edilir. Avtomobil yolu
təqribən bir ilə hazır olacaq. Füzuli-Ağdam avtomobil yolunun
çəkilişi layihəsi isə artıq icra olunmağa başlamışdır. Bu yol həm
Füzuli və Ağdam şəhərlərini birləşdirəcək, eyni zamanda, Ağdamı
Füzuli Beynəlxalq Hava Limanı ilə birləşdirəcək və Ağdama başqa
ölkələrdən gəlmək daha asan olacaq. Ən əsası da budur ki, görülən
bütün işlər Azərbaycanın daxili vəsaiti hesabına reallaşdırılır və
bu da dövlətimizin iqtisadi gücünü və texniki potensialını bir daha
bütün dünyaya göstərir”.