Əbəs yerə deyilmir ki, tarix heç nəyi silmir. Eyni zamanda, daim
danışan, həqiqətləri ortaya qoymağa və ədalətə, beynəlxalq hüququn
prinsiplərinə söykənərək münasibət bildirməyə çağırışlar edən
faktlardır. Tarixi faktlara, real həqiqətlərə söykənməyən
təbliğatın ömrü qısa olar. Necə ki, ermənilər tarixi
saxtalaşdırmaqla himayədarlarının dəstəyi ilə “böyük Ermənistan”
xülyasına düşsələr də sonda möhkəm hüquqi bazaya söykənən
Azərbaycan Ordusu dövlətimizin qətiyyətli mövqeyi sayəsində 30 ilin
erməni işğalına və yalanlarına son qoydu. Dövlətimiz bu illər
ərzində dünya güclərinin edə bilmədiklərini etdi, ədalət və
beynəlxalq hüquq deyilən məfhumların reallıqda mövcudluğunu sübut
etdi və başqasının torpaqlarında gözü olanın, zaman-zaman öz çirkin
niyyətinə uyğun olaraq soyqırımlar, faciələr törədənin hansı duruma
düşəcəyini bütün dünyaya göstərdi. Budur, tarixi faktlara söykənən
siyasətin uğurlu nəticəsi. Ermənilərin tarixin ayrı-ayrı
dövrlərində törətdikləri soyqırımlar, vəhşiliklər dünyaya çox yaxşı
bəllidir. Amma bir reallıq unudulur ki, işğalçıya, təcavüzkara
dəstək olmaq bu siyasətin müdafiəsi anlamına gəlir. Belə olan
təqdirdə etimad mühitinin mövcudluğundan danışmaq olarmı? Erməni
vəhşiliyindən, dünya susmağından qalmadı. Dəhşətli Ağdaban faciəsi
də bu vəhşiliklərin tərkib hissəsidir. 1992-ci il aprelin 8-də,
Kəlbəcərin işğalından təqribən bir il əvvəl ermənilər bu rayonun
sonrakı dövrdə işğalına şərait yaratmaq üçün Ağdaban kəndində
soyqırımı törətdilər. Erməni vandalizmini təsdiqləyən bu faciə ilə
bağlı statistik rəqəmlərə nəzər salaq. Erməni quldurları tərəfindən
törədilmiş qırğın nəticəsində Kəlbəcər rayonunun 130 evdən ibarət
Ağdaban kəndi tamamilə yandırılmışdır. Kəndin 800-ə yaxın dinc
sakininə müxtəlif növ işgəncələr verilmiş, 70-ə yaxın şəxs isə
amansızlıqla qətlə yetirilmişdir. Bundan əlavə, 2 nəfər itkin
düşmüş, 12 nəfər isə ağır bədən xəsarətləri almışdır. Erməni
quldurları tərəfindən tarix, memarlıq və mədəniyyət abidələri
dağıdılıb, müqəddəs ziyarətgah və məzarlıqlar təhqir olunaraq məhv
edilib. İşğalçı Ermənistanı susduran, hər zaman aciz duruma salan
bu dəhşətli faktlardır. Tarix saxtakarlığı sevməməklə yanaşı,
faktların dili ilə danışır.
Trend xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası
(YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar
Rəhimzadə Ağdaban faciəsi ilə bağlı KİV-ə açıqlamasında
bildirib.
Ağdaban soyqırımından 30 il ötdüyünü qeyd edən V.Rəhimzadə
vurğulayıb ki, bu faciə Ermənistanın Azərbaycana təcavüzünün ən
qanlı səhifələrindən biri, insanlıq əleyhinə ən böyük cinayətdir:
“Ağdaban 1993-cü ildə ikinci dəfə ermənilərin hücumuna,
vəhşiliklərinə məruz qalıb. Kəndin ikinci dəfə işğalı Kəlbəcərin
tamamilə zəbt olunmasına şərait yaratdı. Belə ki, Kəlbəcər hər
tərəfdən mühasirəyə alınaraq 1993-cü il aprelin 3-də erməni silahlı
qüvvələri tərəfindən tamamilə işğal edildi.”
YAP Xətai rayon təşkilatının sədri bildirib ki, iki ilə yaxındır
ki, artıq torpaqlarımızın işğal deyil, işğaldan azad edildikləri
tarixləri qeyd edirik. Bununla yanaşı, faciələrimizi, ermənilərin
törətdikləri təxribatları, vəhşilikləri unutmur, onların dünya
ictimaiyyətinə çatdırılması istiqamətində bütün səylərimizi
birləşdiririk: “Xalqımız daim Zəfər sevincini bizlərə yaşadan
dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli
Azərbaycan Ordusuna minnətdarlığını ifadə edir, qanları, canları
ilə tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara
Allahdan rəhmət, qazilərimizə şəfa diləyir. Şəhidlərimizin,
ermənilərin törətdikləri soyqırımların qurbanlarının ruhu şaddır.
Çünki, üçrəngli bayrağımız işğaldan azad edilmiş torpaqlarımızda
dalğalanır.”
V.Rəhimzadə 44 günlük Vətən müharibəsində tarixi Qələbəmizi,
Ermənistanın məğlubiyyətini təsdiqləyən 10 noyabr üçtərəfli
Bəyanatının imzalanmasından sonra Kəlbəcərin, Ağdamın və Laçının
boşaldılmasına diqqəti yönəldib: “Mənfur düşmən Bəyanata uyğun
olaraq Kəlbəcəri noyabrın 15-də boşaltmalı idi. Lakin vaxt
məhdudiyyətini əsas gətirərək Rusiyanın vasitəsilə Azərbaycandan 10
gün əlavə vaxt istədi. Azərbaycan dövləti yenə də öz humanizmini
nümayiş etdirərək vaxtı noyabrın 25-dək uzatdı. Ermənilərin
Kəlbəcəri tərk etmələri ilə bağlı görüntüləri izləyəndə adamı
dəhşət bürüyür. Bu vandalizm bir daha Azərbaycanın 30 il hansı
vəhşi ilə üz-üzə qaldığını dünyaya göstərdi. Belə ki, qanunsuz
yaşadıqları əraziləri – Azərbaycan torpaqlarını tərk edən ermənilər
təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla əşyalarını
götürür, hətta evlərin dam örtüyünü, pəncərə çərçivələrini çıxarıb
aparırdılar. Bununla yanaşı, yaşadıqları və yaşamadıqları evləri
yandırır, meşələrə od vurur, vandallıq edirdilər. 27 il əvvəl
buradan qovulmuş azərbaycanlıların evlərində yaşayan mənfur düşmən
həmin evlərə od vuraraq tərk etdi. Azərbaycanlıların və ermənilərin
Kəlbəcəri tərk etməsinin müqayisəsi ortada dəhşətli fərqin olduğunu
üzə çıxarır. Azərbaycan tərəfi Kəlbəcərdəki erməni hərbi
birləşmələrinin ərazidən çıxması üçün humanitar qaydalara tam uyğun
olaraq, əvvəlcədən razılaşdırılmış müddət təyin etdi. Lakin 1993-cü
ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub, dağ
yolları ilə, ayaqyalın, piyada şəkildə erməni təcavüzkarlarından
qaçmağa çalışıb. Onların bir çoxu qırğına məruz qaldı, atəşə
tutuldu, cəsədləri belə təhqir edildi. Nəticədə Kəlbəcərdə 500-dən
çox dinc sakin həlak oldu, yüzlərlə insan girov götürüldü və ya
itkin düşdü. Azərbaycan əhalisi özü ilə heç nə götürə bilməyib,
sakinlərin bütün əmlakı işğalçı Ermənistan ordusu tərəfindən qarət
olunmuşdur.”
Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan dövləti daim təbliğatını
həqiqətə, faktlara söykənərək həyata keçirib, ermənilərin
qəddarlığını, vəhşiliklərini əsaslı şəkildə beynəlxalq
ictimaiyyətin diqqətinə çatdırıb: “Xocalı faciəsi, 44 günlük İkinci
Qarabağ müharibəsinin getdiyi günlərdə bu faciənin davamı kimi
dəyərləndirilən Gəncə, Bərdə, Tərtərdə dinc sakinlərə, evlərə
endirilən raket zərbələri ermənilərin vəhşiliklərinin miqyasının
geniş, ölçüyəgəlməz olduğunu təsdiqləyir. Xalqımız tam əmindir ki,
insanlığa qarşı bu cinayətlər də cavabsız qalmayacaq. Necə ki, 44
gündə dünyaya səs salan “Dəmir yumruq” əməliyyatını həyata keçirib,
erməni işğalına son qoyduq, ərazi bütövlüyümüzü təmin etdik, bu
cinayətlərin də beynəlxalq hüququn norma və prinsipləri
çərçivəsində dəyərləndiriləcəyinə, günahkarların
cəzalandırılacağına nail olacağıq. Dövlət başçısı İlham Əliyevin
postmünaqişə dövrünün reallıqlarının təsdiqi və qəbulu
istiqamətində atdığı addımlar və onların uğurlu nəticələri göz
önündədir. Keçirilən görüşlərin hər birində əsir götürülmüş, yaxud
itkin düşmüş azərbaycanlılarla, həmçinin kütləvi məzarlıqlarla
bağlı məsələlər gündəmdə saxlanılır, bunlarla bağlı statistik
rəqəmlər, faktlar açıqlanır. Prezident İlham Əliyev aprelin 4-də
İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru
xanım Katrin Bombergeri qəbul edərkən birinci Ermənistan-Azərbaycan
müharibəsindən etibarən 3890 nəfər azərbaycanlının itkin düşmüş
hesab olunduğunu, onların bir çoxunun işgəncələrə məruz qaldığını
və öldürülərək Ermənistan tərəfindən kütləvi məzarlıqlarda
basdırıldığını diqqətə çatdırmışdır. Dövlət başçısı bildirmişdi ki,
Azərbaycan humanitar xarakter daşıyan bu məsələ ilə bağlı dəfələrlə
Ermənistan tərəfinə müraciət etsə də, Ermənistan tərəfindən
konstruktiv əməkdaşlıq və xoş niyyət nümayiş olunmayıb. Bu
yaxınlarda Xocavəndin Edilli kəndində belə bir kütləvi məzarlığın
müəyyən olunduğu, qazıntı işləri apararaq orada basdırılmış
şəxslərin qalıqlarının aşkara çıxarıldığı və bu qalıqların DNT
analiz təyinatlı laborator müayinələrə təqdim edildiyi xanım Katrin
Bombergeriyə çatdırılmışdır.”
YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, Azərbaycan
döyüş meydanında olduğu kimi, informasiya cəbhəsində də üstünlüyünü
təsdiqləyir: “Dünya güclərinin hazırkı mərhələdə regionda dayanıqlı
sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycanın
göstərdiyi səyləri, Ermənistana təklif etdiyi sülh təklifini
dəstəkləmələri də deyilənlərin təsdiqidir. Avropa İttifaqı və digər
beynəlxalq təsisatlar dəstəyə hazır, Azərbaycanın gündəmə gətirdiyi
məsələlərin müzakirəsində maraqlı olduqlarını ifadə edirlər. Avropa
İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan
Prezidentinin və Ermənistanın baş nazirinin Brüsseldə iki dəfə
görüşünün baş tutması da bu kimi məqamlara işıq salır. Ermənistanın
dalana dirəndiyi göz önündədir. Tezliklə zaman-zaman törətdikləri
faciələrə, soyqırımlara, müharibə cinayətlərinə görə beynəlxalq
hüquq qarşısında cavab verəcək, layiqli cəzasını alacaq. BMT Baş
Assambleyasının 9 dekabr 1948-ci il tarixli “Soyqırımı cinayətinin
qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasının
müddəalarının icra edilməsinin zamanıdır.”