Ağcabədi şəhərində su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur (FOTO)

Xəbər - Fərid Zöhrabov – Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
təsdiqlədiyi Regionların sosial-iqtisadi inkişafı dövlət proqramına
uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti bölgələrdə əhalinin
içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən
istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını
davam etdirir. Ağcabədi şəhəri İsmət Qayıbov küçəsində çoxmənzilli
yaşayış binaları mərkəzləşdirilmiş şəbəkələrə qoşulur, binaların
daxili su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur.

Bu barədə ASC-dən AzerTimes-a bildirilib.

İsmət Qayıbov küçəsində 7 çoxmənzilli yaşayış binasının içməli
su təchizatı indiyədək məhəllədaxili subartezian quyusu hesabına
aparılıb. Həmin binalarda mövcud olan 160 mənzil sakinlər
tərəfindən fərdi və pərakəndə çəkilmiş su xətləri hesabına təmin
olunub. Subartezian quyusunun imkanları və primitiv çəkilmiş xətlər
normal su təchizatı aparmağa imkan vermirdi. Ərazidə
mərkəzləşdirilmiş kanalizasiya sistemi isə mövcud olmayıb və
tullantı suları yaxınlıqdan keçən şor kanalına axıdılır.

Binaların mərkəzləşdirilmiş su təchizatı sisteminə qoşulması və
binadaxili sistemlərin yenidən qurulması məqsədilə “Azərsu” ASC
tərəfindən yeni layihə hazırlanıb və icrasına başlanıb. Layihəyə
əsasən, binaların su təchizatı bundan sonra Ağcabədi şəhərinin
şəbəkəsindən aparılacaq. Bu məqsədlə şəhər şəbəkəsindən əraziyə 600
metr uzunluğunda su xətti çəkilir. Binaların hər bir mənzili yeni
çəkilən şəbəkəyə qoşulacaq və sayğaclar quraşdırılacaq.


Binaların mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinə qoşulmasını
təmin etmək üçün 800 metr uzunluğunda tullantı su xətləri çəkiləcək
və Ağcabədi şəhərinin mövcud kanalizasiya şəbəkəsinə
birləşdiriləcək.

Yeni layihənin icrası nəticəsində 7 binada yaşayan sakinlərin
içməli su və tullantı su xidmətlərindən istifadəsi
yaxşılaşacaq.

Teqlər: