Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
açılışını etdiyi Zəngilan rayonunun Ağalı kəndində yerləşən Dövlət
Xidmətləri Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin
(KOBİA) kiçik və orta biznesə yönəlik xidmətləri həyata keçirəcək
xidmət pəncərəsi də fəaliyyət göstərəcək.
Agentlikdən AzerTimes-a verilən
məlumata görə, burada Ağalı kənd sakinlərinə biznesə başlamaq və
sahibkarlıq fəaliyyətini inkişaf etdirmək üçün zəruri xidmətlər
göstəriləcək. Bu KOBİA-nın işğaldan azad edilmiş ərazilərimizdə ilk
belə xidmət pəncərəsidir.
Qeyd edək ki, KOBİA və müvafiq qurumların dəstəyi ilə bir müddət
əvvəl bir qrup Ağalı kənd sakini biznes təlimlərinə cəlb olunmuşdu.
Növbəti mərhələdə kənd sakinlərinə fəaliyyət sahələrinə uyğun
avadanlıqlar veriləcəkdir. Ağalı kəndində fəaliyyət göstərən
KOBİA-nın xidmət pəncərəsi təlimləri uğurla başa vurmuş kənd
sakinlərinə də dəstək göstərəcəkdir.
Ağalı kəndində həmçinin, KOBİA-nın dəstəyindən yararlanmış “Gillmed” tikiş fabriki də fəaliyyət göstərəcək. Dövlət-özəl sektor
tərəfdaşlığı əsasında yaradılmış müəssisənin məqsədi kənd
sakinlərinin məşğulluğunun təmin edilməsidir. Fabrikdə müxtəlif
tibbi təyinatlı tekstil məhsulları istehsal olunacaq. Burada 25-ə
yaxın Ağalı kənd sakininin işlə təmin olunması nəzərdə tutulur.