Aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının finalına çıxmaqdan məmnunuq – Azərbaycanlı gimnastlar

Xəbər - Cani Babayeva – Trend:

Bakıda Aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının final mərhələsinə çıxmağımız bizi sevindirdi, çünki biz çalışmışdıq və turnirə tam hazırlaşmışdıq.

Bunu AzerTimes-a trio tərkibində çıxış edən Azərbaycanlı gimnastlar deyib.

Xatırladaq ki, trio tərkibində çıxış edən Sara Əlixanlı, Aliyə İsmayılova və Sənəm Kazımova 12-14 yaş qrupu kateqoriyasında 17.950 xalla finala vəsiqə qazanıblar.

S.Əixanlı bildirib: “Finala çıxdığımız üçün çox şadıq. Hər birimiz böyük bir səylə yarışa hazırlaşdıq, səmərəli çalışdıq. Turnirə hazırlıq hər gün davam etdi, dörd saat məşq etdik”.

Aliyə İsmayılovanın sözlərinə görə, səylərimiz buna dəydi: “Müsabiqələrdə yaxşı çıxış etmək üçün öz üzərimizdə çalışdıq, bacarıqlarımızı artırdıq. Finala çıxdığımız üçün xoşbəxtik”.

Sənəm Kazımova qeyd edib ki, ölkəmizdə keçirilən bir yarışmaya qatılmaq çox məsuliyyətlidir: “Bu turnir bizim üçün çox vacibdir, burada gələcəkdə mütləq lazımlı olacaq təcrübə əldə edirik. Finalda məşqçilər razı qalacaq şəkildə çıxış etməliyik. Əlimizdən gələni etməyə çalışacağıq”.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarını təşkil edir. Turnir mayın 23-dək keçiriləcək.

Yarışların birinci günündə fərdi hərəkətlərdə kişilər (12-14 yaş) və qadınlar (15-17 yaş), üçlük (12-14 yaş və 15-17 yaş), qarışıq cütlüklər çıxış edir.

Yarışlarda 18 ölkədən 202 gimnast iştirak edir.

Çempionatda 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparır.

Hər iki yaş qrupunda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup proqramları üzrə təsnifat və final mərhələlərində çıxış edəcəklər. Bununla yanaşı, 15-17 yaşlı idmançılar aero dans proqramında da öz qüvvələrini sınayır.

Azərbaycanı yarışlarda Leyla Abdullazadə, Arzu Ağayeva, Leyla Əhmədova, Sara Əlixanlı, Aylin Əliyeva, Rövşanə Bağırzadə, Leyla Bejanova, Dilarə Qurbanova, Fidan İbrahimova, Aliyə İsmayılova, Sənəm Kazımova, Evelina Kozlovskaya, Emiliya Mahmudova və Məryəm Topçubaşova təmsil edir.

Teqlər: