ADU Samara Universiteti ilə anlaşma sənədi imzaladı

ADU Samara Universiteti ilə anlaşma sənədi imzaladı

Azərbaycan Dillər Universitetində Samara Dövlət Texniki Universitetindən olan professor-müəllim heyəti ilə görüş keçirilib.

AzerTimes xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirib.

Qeyd olunub ki, ADU dünyanın bir sıra nüfuzlu universitetləri ilə elmi, mədəni əlaqələr qurur, müəllim-tələbə mübadiləsini davam etdirir. Bu istiqamətdə atılan addımlardan biri də ölkələr arasında dil və mədəniyyət mərkəzlərinin qarşılıqlı şəkildə fəaliyyət göstərməsi olduğu bildirilib. Söylənilib ki, ölkə universitetləri arasında mədəni, elmi əlaqələrin inkişafı, həmçinin müəllim-tələbə mübadiləsi olduqca əhəmiyyətlidir.

Görüşdə Samara Texniki Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Anna Zotova, “Pedaqogika, beynəlxalq mədəni əlaqələr və rus dili xarici dil kimi” kafedrasının müdir əvəzi, professor Yuliya Lopuxova, dosent Mariya Yurina iştirak ediblər.

Qonaqlar görüşün əhəmiyyətindən danışıb, səmimi və xoş qarşılanmaya görə universitet rəhbərliyinə öz təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, imzalanan sənəd hər iki universitet arasında qurulan elmi əməkdaşlığa öz töhfəsini verəcəkdir.

Bu, ikitərəfli əlaqələrin genişlənməsi və inkişafı yeni perspektivlərə yol açacaq, elmi müstəvidə yeni imkanlar əldə olunacaqdır.

Daha sonra universitetlər arasında anlaşma sənədi imzalanıb. Sənəddə yeni təcrübələrin qarşılıqlı öyrənilməsi, tədris prosesinə tətbiq olunması, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması istiqamətində addımların atılması, akademik, elmi, mədəni əlaqələrin qurulması kimi məsələlər öz əksini tapıb.

Bildirilib ki, tərəflər qarşılıqlı elmi, mədəni əlaqələrin qurulmasında maraqlı olduqlarını bir daha bəyan etmiş olur. Həmçinin növbəti beş ildə bu istiqamətdə işlərin həyata keçirilməsi və qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi xüsusi olaraq vurğulanıb.

Teqlər: