ADU-da Xocalı faciəsinin ildönümü ilə bağlı tədbir keçirilib (FOTO)

Fevralın 25-də Azərbaycan Dillər Universitetində 26 Fevral
Xocalı faciəsinin ildönümü ilə bağlı tədbir keçirilib.

Əvvəlcə Xocalı faciəsi qurbanlarının, o cümlədən ölkəmizin ərazi
bütövlüyünün bərpası uğrunda aparılan döyüşlərdə şəhid olmuş
qəhrəman Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad
edilib.

ADU-nun rektoru, akademik Kamal Abdulla Xocalı soyqırımı ilə
bağlı fikirlərini bölüşüb: “Biz şəhidlərimizi heç zaman
unutmayacağıq. Xocalı faciəsi Azərbaycan tarixinə qanla yazılmış
səhifələrdən biridir. Xocalı bizim əbədi olaraq yaddaşımızdadır.
Xocalı hər gün bizimlədir. Ulu öndər Heydər Əliyevin birbaşa
təşəbbüsü, səyi, təklifi, israrlı fəaliyyəti ilə bu hadisələrə
siyasi qiymət verildi. 44 gün davam edən Zəfər savaşında Azərbaycan
öz tarixi torpaqlarını işğaldan azad edə bildi. Bu gün
prezidentimizin yorulmaz fəaliyyəti nəticəsində dünyanın bir çox
ölkəsində Xocalı hadisəsi adekvat olaraq qiymətləndirilir. Bu gün
Azərbaycan Prezidentinin fəaliyyəti bizə inam verir ki, Xocalı kimi
hadisələrin, Azərbaycan-erməni münasibətlərinin qarşıdurmasının
nəticəsi haqqın, ədalətin xeyrinə olacaq. “Xocalıya ədalət”
layihəsi ilə Azərbaycan dünya ölkələrinin qarşısına çıxır”.

Beynəlxalq münasibətlər kafedrasının dosenti Namiq Əsədov Xocalı
faciəsinin ildönümü ilə bağlı tədbir iştirakçılarına məlumat verib.
Qeyd olunub ki, faciə qurbanlarının əziz xatirəsi qəlbimizdə daima
yaşayacaqdır. Xocalı haqqında həqiqətin dünyada bilinməsi, bu
faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün
Azərbaycan dövlətinin bütün zəruri addımları atdığını qeyd edən
Namiq Əsədov Ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə
qayıdışından sonra ölkəmizin informasiya blokadasından çıxaraq,
Azərbaycan həqiqətlərinin, o cümlədən, Xocalı soyqırımının dünya
ictimaiyyətinə çatdırılmasını xüsusilə vurğulayıb.

Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Şəlalə
Bağırova “Xocalı faciəsi:səbəb və nəticələri” mövzusunda çıxış
edib: “Ermənilərin millətçi-şovinist siyasətinin əsas məqsədi
azərbaycanlıları öz tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan
ərazilərində uydurduqları “böyük Ermənistan” dövləti yaratmaq olub.
Azərbaycan toponimlərini dəyişmək, münbit əraziləri ələ keçirmək,
əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları
sıxışdırmaq şovinist erməni xislətinin əsas əlamətləridir. Onlar
əsasən keçid dövrlərini, siyasi kataklizmləri özləri üçün əlverişli
hesab edib və müəyyən təxribatlar, ağır cinayətlər törədiblər”.

Regionşünaslıq kafedrasının dosenti Bəhmən Əliyev “Xocalı
faciəsi: tarixi gerçəkliklər və həqiqətlər” mövzusunda çıxış edib.
Qeyd olunub ki, Ulu öndər Heydər Əliyev 1969-1982-ci illərdə sovet
Azərbaycanına rəhbərlik edərkən ermənilərin Qarabağa olan
iddialarının qarşısını qətiyyətlə alırdı. Müdrik siyasəti,
qabaqlayıcı tədbirləri, Qarabağda gördüyü abadlıq-quruculuq işləri
və mədəni tədbirləri ilə ermənilərin qərəzli planlarını alt-üst
edirdi. Faciənin nəticələrindən belə qənaətə gəlmək olur ki, burada
ermənilərin əsas məqsədi Xocalını yer üzündən silmək olub. Bu vəhşi
əməliyyatda ermənilərlə yanaşı, Xankəndidəki 366-cı alayın 3
batalyonu, habelə xarici ölkələrdən gətirilmiş muzdlu quldurlar da
yaxından iştirak ediblər. Hadisənin təşkilatçıları və ümumiyyətlə,
birbaşa Xocalı soyqırımını törədənlər Robert Koçaryan, Serj
Sarkisyan və digərləri olublar. Hansı ki, bu cinayətkarlar, əlləri
minlərlə dinc azərbaycanlının qanına bulaşmış qatillər uzun illər
Ermənistana rəhbərlik ediblər.


Fəlsəfə və ictimai elmlər kafedrasının dosenti Şəfəq Abdullayeva
“Xocalı soyqırımının xarici mətbuatda əks sədası” mövzusunda çıxış
edib. Çıxışda bildirilib ki, dünya mediasında Xocalı faciəsi ilə
bağlı silsilə yazılar, sujetlər hazırlanmış, baş vermiş soyqırıma
ədalət çağırışları olmuşdur. Bu gün də bu istiqamətdə tutarlı
faktlardan və dəlillərdən istifadə olunmaqla dünya ictimaiyyətinə
obyektiv məlumatlar çatdırılır.

Tədbirdə Xocalıdan olan şəhid ailələri də iştirak edib.

Təhsil 1 fakültəsinin tələbəsi Sevinc Eyvazova “Xocalı faciəsi”
adlı şeir söyləyib, Filologiya fakültəsinin tələbəsi Nəzrin
Hüseynzadə “Xocalı faciəsi qan yaddaşımızda” mövzusunda çıxış
edib.

Sonda Ali Baş Komandan, Prezident İlham Əliyevin çıxışlarını əks
etdirən videoçarx təqdim olunub.

Teqlər: