ADU-da Beynəlxalq ərəb dili günü qeyd edildi

ADU-da Beynəlxalq ərəb dili günü qeyd edildi

Dekabrın 26-da Azərbaycan Dillər Universitetində Beynəlxalq ərəb dili günü münasibətilə tədbir keçirilib.

AzerTimes xəbər verir ki, tədbirdə 12 ərəb dövlətinin Azərbaycandakı səfiri, universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.

ADU-nun rektoru, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirib.

Akademikin sözlərinə görə, ərəb dili dünyanın qədim və zəngin dillərindən biridir və ölkəmizdə də ərəb dilinə maraq böyükdür:

“Bu gün Beynəlxalq ərəb dili günü ilə bağlı olduqca vacib bir tədbirin iştirakçılarıyıq. Ərəb dövlətləri ilə ölkəmiz arasında sıx dostluq və strateji tərəfdaşlıq münasibətləri olduqca əhəmiyyətlidir. Biz hər zaman ərəb dövlətlərinin ölkəmizə olan mənəvi dəstəyini görmüşük. Bu mənəvi dəstək 44 gün davam edən Vətən müharibəsində də davam etdi”.

Rektor qeyd edib ki, Prezident İlham Əliyev hər zaman İslam dininin sülh dini olduğunu bildirib, beynəlxalq tribunalardan ərəb ölkələrinin mövqeyini dəstəkləyib.

Mərakeşin ölkəmizdəki səfiri cənab Adel Embarş səmimi qarşılanmaya və qonaqpərvərliyə görə universitet rəhbərliyinə və kollektivə öz təşəkkürünü bildirib. Qeyd olunub ki, Ərəb dili söz ehtiyatının genişliyi cəhətdən dünyanın zəngin dillərindən hesab edilir:

“Ərəb dili 1973-cü ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assembleyasında qurumun rəsmi dili elan edilib. 2010-cu ildən etibarən 18 dekabr tarixi Beynəlxalq ərəb dili günü kimi qeyd edilir. Mütəxəssislər bu təşəbbüsün mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə və dünyanın müxtəlif dillərinin inkişafına yardım etdiyini bildirirlər. Hazırda dünya 450 milyondan çox insan ərəb dilində danışır”.

Daha sonra ərəb dünyası haqqında video çarx təqdim olunub. Tədbir tələbələrin hazırladığı bədii hissə ilə davam edib. Ərəb və Azərbaycan milli geyimləri nümayiş olunub. Sonda tədbir iştirakçıları ərəb mətbəxi ilə tanış olublar.

Teqlər: