ADU-da Azərbaycan-Pakistan diplomatik əlaqələrinin qurulmasının 30 illiyi ilə əlaqədar tədbir keçirilib (FOTO)

Fevralın 22-də Azərbaycan Dillər Universitetində
Azərbaycan-Pakistan diplomatik əlaqələrinin qurulmasının 30 illiyi
ilə əlaqədar tədbir keçirilib. Görüşdə Pakistanın Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri Bilal Hayee, Azərbaycan-Pakistan
parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət
vəkili Qənirə Paşayeva və digər qonaqlar iştirak ediblər.

ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları rəhbərlik
etdiyi ali təhsil ocağında görməkdən məmnun olduğunu söyləyib.
Bildirilib ki, ötən görüşlərdə təməli atılan ideyalar artıq son
mərhələdədir:

“İnanıram ki, Pakistanda açılacaq Azərbaycan dili və mədəniyyət
mərkəzi pakistanlı və azərbaycanlı gənclər üçün, eyni zamanda, hər
iki ölkənin alimləri üçün çox səmərəli fəaliyyətin başlanğıcı
olacaq. Biz çalışacağıq ki, həmin mərkəz tam gücü ilə işləsin.
Universitetimizdə fəaliyyət göstərən Pakistan Mədəniyyət Mərkəzi də
digər mərkəzlərlə sıx əlaqədədir. İnanıram ki, işlərimizin daha
uğurla həyata keçirilməsində cənab səfirlə birlikdə səylərimizi
əsirgəməyəcəyik. Dost və qardaş Pakistan xalqı daima bizimlə
birlikdədir. Biz bunu 44 gün davam edən Zəfər savaşında da gördük.
Pakistanın bizə olan dəstəyini heç zaman unutmayacağıq.”

Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi
qrupunun rəhbəri, millət vəkili Qənirə Paşayeva görüşün
əhəmiyyətindən danışıb, dəvət üçün universitet rəhbərliyinə
təşəkkürünü bildirib:

“Pakistan-Azərbaycan dostluq münasibətləri ən yüksək səviyyədə
davam etməkdədir. Pakistan sözün əsl mənasında bizim üçün qardaş
ölkədir. Mənim Pakistana səfərlərim çox olub. Pakistan haqqında
kitab da yazmışam. Pakistanın hər bir bölgəsində “Azərbaycan”
sözünə olan sevginin şahidi olmuşam. Bu sadəcə rəsmi şəxslərin,
ictimai xadimlərin deyil, həm də xalqın yanaşması idi. Pakistanla
bütün istiqamətlərdə əlaqələrin qurulması xüsusi ilə vacib
məqamlardandır.”

Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal
Hayee dəvət üçün universitet rəhbərliyinə öz təşəkkürünü bildirib.
Qeyd olunub ki, Azərbaycanla Pakistan arasında mövcud olan dostluq
və qardaşlıq münasibətləri hər zaman diqqət mərkəzindədir:

“Bu günün xüsusi önəmi var. Azərbaycan Pakistan əlaqələrinin 30
illiyi qeyd olunur. Bu münasibətlə Azərbaycan Dillər
Universitetində rəsm sərgisi təşkil olunub. Sərgidə Azərbaycanla
Pakistan arasında olan dostluq və qardaşlıq münasibətlərinin
tablolarda təsvirini görə bilərik. Xalqlarımız arasında olan inam
və etimad bundan sonra da davam edəcək. Qeyd etməliyəm ki,
Pakistanda da tezliklə Azərbaycan dili və mədəniyyəti mərkəzinin
açılışı olacaq. Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılışı
ölkələr arasında əlaqələrin qurulmasında, eyni zamanda
münasibətlərin daha da inkişaf etdirilməsində böyük imkanların
səfərbər olmasına şərait yaratmış olacaq. Mən çox şadam ki,
Azərbaycan-Pakistan əlaqələrinin 30 illik yubileyi ilk olaraq məhz
Azərbaycan Dillər Universitetində qeyd olunur.”

Tədbirin sonunda Azərbaycan Pakistan əlaqələrinin 30 illiyinə
həsr olunmuş rəsm sərgisinin qaliblərinə sertifikatlar və pul
mükafatları təqdim olunub.

Teqlər: