ADU-da “Azərbaycan-Çin elmi əlaqələri” mövzusunda seminar

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda
Çində Elm və Texnologiya İşçiləri Gününə həsr olunmuş
“Azərbaycan-Çin elmi əlaqələri” adlı tələbə seminarı keçirilib.

Seminarı giriş sözü ilə açan ADU-nun Konfutsi İnstitutunun
direktoru Rafiq Abbasov Azərbaycanın ümummilli lideri Heydər
Əliyevin 1994-cü ildə Çinə tarixi səfəri, Çin İctimai Elmlər
Akademiyasındakı çıxışı, səfər zamanı imzalanmış əməkdaşlıq, təbiət
və ictimai sosial elmlər sahəsində Azərbaycan-Çin elmi əlaqələrinin
əsasını qoyan və strategiyasını müəyyən edən texniki sazişin
imzalandığı barədə danışıb.

Ötən illər ərzində ölkələrimiz arasında elmi mübadilə uğurla
inkişaf edib, Azərbaycanın akademik müəssisələrinin aparıcı
alimləri ÇXR-da müxtəlif bilik sahələri üzrə keçirilən 100-ə yaxın
elmi konfransda fəal iştirak edib, Azərbaycan Elmlər Akademiyası və
Çin İctimai Elmlər Akademiyası arasında elmi əməkdaşlıq haqqında
saziş imzalanıb, AMEA-nın Yüksək Texnologiyalar Parkında
Azərbaycan-Çin Texnologiya Transferi Mərkəzi yaradılıb.

İki ölkənin ayrı-ayrı ixtisaslaşdırılmış elmi institutları
arasında, o cümlədən Çinin Mühəndislik və Kənd Təsərrüfatı
Akademiyaları ilə birbaşa tərəfdaşlıq əlaqələri qurulmuş, AMEA
Mərkəzi Elmi Kitabxanası və Çin Milli Kitabxanası arasında elmi və
informasiya mübadiləsi aparılıb.

R.Abbasov həmçinin qeyd edib ki, qədim İpək Yolu üzərində
Azərbaycan-Çin ticarət və mədəni əlaqələrinin tarixinin öyrənilməsi
ölkələrimiz arasında elmi əməkdaşlığın prioritet istiqamətləri
olaraq qalır, o cümlədən, Tarix İnstitutu, Elm Tarixi İnstitutu və
Azərbaycan Tarixi Muzeyində mədəni əlaqələrin, Ədəbiyyat
İnstitutunda ədəbi əlaqələrin tarixi, Azərbaycan Dillər
Universitetinin Konfutsi İnstitutunun filialının fəaliyyət
göstərdiyi Şərqşünaslıq İnstitutunda isə Çinin siyasi və iqtisadi
inkişafının müasir problemləri araşdırılır. Çin İctimai Elmlər
Akademiyasının aparıcı alimləri ADU-da “Heydər Əliyev:
multikulturalizm və tolerantlıq ideologiyası” adlı illik beynəlxalq
elmi konfranslarda iştirak ediblər.

AMEA-nın Hüquq, İqtisadiyyat və Fəlsəfə İnstitutlarında aparıcı
çinli alimlərin iştirakı ilə qədim Çin fəlsəfəsi, siyasi, hüquqi və
sosial-iqtisadi islahatlarda Çin təcrübəsi və Çinin modernləşmə
siyasətinə həsr olunmuş ənənəvi elmi konfranslar keçirilir.
Seminarda çıxış edən ADU-nun çinşunas tələbələri qədim Çində elm və
texnologiyanın, xüsusilə riyaziyyat, astronomiya, ipəkçilik
texnologiyası, tibb, memarlıq, gəmiqayırma sahələrinin inkişafından
danışıblar. Tələbələr, həmçinin 21-ci əsrdə Çinin strateji
əhəmiyyətli elmi və texnoloji sahələrdə rəqabət qabiliyyətinin
hərtərəfli artırılmasına yönəlmiş elmi və texnoloji tədqiqatların
inkişafı üzrə dövlət proqramlarının həyata keçirilməsindən bəhs
ediblər.

Qeyd olunub ki, proqramların strateji məqsədləri elm və
texnikanın yeni sisteminin yaradılması, fənlərarası tədqiqatların
inkişafı, elm və texnikanın iqtisadiyyatla əlaqələndirilməsi
mexanizminin formalaşdırılmasıdır. Eyni zamanda, kosmik və lazer
texnologiyasının, informatikanın, biomühəndisliyin inkişafına, yeni
materialların və enerji mənbələrinin istehsalına xüsusi diqqət
yetiriləcək. Sonda “Çinin ən mühüm elmi və texnoloji nailiyyətləri”
mövzusunda viktorina keçirilib.

Teqlər: