Noyabrın 1-də Azərbaycan Dillər Universitetində (ADU) Almaniya Bundestaqının Beynəlxalq təqaüd proqramının (IPS) təqdimatı olub. Bu münasibətlə Almaniya Parlamentinin deputatı Carl-Julian Cronenberg, Almaniya Parlamentinin administrasiya üzvü Angelika Pendzich-von Winter və Almaniya səfirinin müavini Heiko Schwarzla görüş keçirilib.
ADU-nun rektoru, akademik Kamal Abdulla görüş iştirakçılarını universitetdə görməkdən məmnun olduğunu bildirib. Rektor Azərbaycanda olan tolerant mühitdən, multikulturalizm hərəkatından danışıb, IPS proqramının əhəmiyyətinə toxunub. Qeyd olunub ki, ADU-da alman dilinə böyük maraq var və tələbələr Almaniya mədəniyyətini, tarixini öyrənməyə xüsusi önəm verirlər: “Məhz bu amilləri nəzərə alaraq, ADU-da Germanistika İnstitutu, Alman oxu zalı fəaliyyət göstərir. Tələbələr bu institutun və kitabxananın imkanlarından istifadə edir, öz biliklərini genişləndirirlər. Almaniyadan olan tələbələri məmnuniyyətlə Qış və Yay məktəblərinə dəvət edirik. Müxtəlif ölkələrdən olan, o cümlədən, Almaniyadan olan tələbələr Azərbaycanı sevib öz ölkələrinə dönürlər. Eyni zamanda Almaniya universitetləri və ictimai qurumları ilə sıx əlaqələrimiz var”
Almaniya Bundestaqının deputatı Carls-Julius Cronberg görüş üçün təşəkkürünün bildirib və Azərbaycanda olmaqdan məmnun olduğunu deyib. Ölkəmizdə mövcud olan multikultural mühiti, tolerant münasibətləri yüksək dəyərləndirən deputat, Azərbaycanda müxtəlif mədəniyyətləri və dinləri təmsil edən insanların sülh və əmin-amanlıq şəraitində yaşadığını böyük məmnuniyyətlə nəzərə çatdırıb: “Bu yüksək dəyərlər, qarışılıqlı hörmət məni çox məmnun elədi. Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüşməkdən çox şadam. Sizin tələbələriniz Alman dilinə böyük həvəs və maraq göstərirlər. Bu proqram çərçivəsində yeni nəsil gələcək əlaqələrini qurmağa çalışır”.
Daha sonra qonaqlar universitetdə dərs prosesini izləyib, Alman oxu zalında olub, IPS proqramının təqdimatını keçiriblər.