ADPU-da yeni Elmi katib təyin edilib

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) yeni Elmi katib təyin edilib.

ADPU-nun rektoru professor Cəfər Cəfərovun imzaladığı əmrlə Nərminə Abdulla qızı Abdullayeva Universitetin Elmi katibi təyin edilib.

Qeyd edək ki, N.Abdullayeva 1986-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2004-2008-ci illərdə Bakı Dövlət Universitetində (BDU) bakalavr, 2009-2011-ci illərdə magistr səviyyəsi üzrə təhsil almışdır. 2013-2016-cı illərdə isə BDU-da “Ehtimal nəzəriyyəsi” ixtisası üzrə dissertantlıq yolu ilə fəlsəfə doktoru proqramında təhsil almış, “Xidmət anları tsiklik olan kütləvi xidmət sistemlərində idarəetmə məsələləri” mövzusunda dissertasiya işi müdafiə etmişdir.

2009-2018-ci illərdə Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) operator, Ümumi şöbənin müdiri, Tədris şöbəsinin müdiri, Keyfiyyət təminatı şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Eyni zamanda bu illər ərzində ali riyaziyyat, ehtimal nəzəriyyəsi və riyazi statistika fənnləri üzrə tədris aparmışdır. 2018-ci ildən Pedaqoji Universitetin “Riyaziyyat və onun ibtidai kursunun tədrisi texnologiyası” və “Riyazi analiz” kafedralarında baş müəllim vəzifəsində çalışmışdır.


2011-2018-ci illərdə ATMU Həmkarlar İttifaqı Komitəsinin sədri, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin üzvü, “Gənclər komissiyası”nın üzvü olmuşdur. Həmkarlar İttifaqında xidmətlərə görə fəxri fərmanlarla, 2016-cı ildə əməkdə, təhsildə, ictimai fəaliyyətdə xüsusi nailiyyətlərə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təsis etdiyi “İlin peşəkar gənci” fəxri adı və döş nişanı ilə təltif olunmuşdur.

İşlədiyi dövrdə Türkiyə (İstanbul, Ərzurum, Ərzincan, Bayburt, Antalya), Şimali Kipr Türk Respublikası (Lefkoşa, Girnə), Rusiya (Moskva, Sankt-Peterburq, Həştərxan), İsveçrə (Cenevrə, Montrö), İspaniya (Malaga), Portuqaliya (Lissabon), Bolqarıstan (Sofiya, Varna) kimi ölkələrdə keçirilən müxtəlif konfrans və seminarlarda ezamiyyədə olmuşdur.

Teqlər: