ADNSU-nun BP və “British Council” tərəfindən seçilən 12 müəlliməsinə sertifikatlar verilib (FOTO)

Oktyabrın 29-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) BP şirkəti və “British Council” tərəfindən ingilis dilinin praktik tədrisi və metodikası üzrə müstəqil təlim keçmək üçün seçilən 12 müəllimə ixtisaslaşmış təlimçi sertifikatları ilə təltif olunub.

ADNSU-nun Xarici dillər kafedrasının ingilis dili müəllimləri ilə birgə keçirilən görüşdə çıxış edən rektor, professor Mustafa Babanlı ali təhsilin keyfiyyətinin yüksəldilməsində və qabaqcıl dünya təcrübəsinin öyrənilməsində ingilis dili biliklərinin artırılmasının önəmini qeyd edərək, bu sahədəki mövcud çatışmazlıqlardan və problemlərdən danışıb. Xüsusilə, professor-müəllim heyətinin dil bacarıqlarının yüksək səviyyədə inkişaf etdirməyinin vacibliyini vurğulayan rektor M.Babanlı ADNSU-nun 12 müəlliminin “British Council” tərəfindən ekspert qismində seçilməsini bir uğur kimi qiymətləndirib və daha yüksək nəticələr gözlədiyini deyib.

Sonda müəllimələrə sertifikatlar təqdim edilib.


Qeyd edək ki, 2019-cu ildən ADNSU, BP və “British Council” arasındakı birgə layihəyə əsasən, ADNSU-da 90 müəllimə və 200 tələbəyə intensiv ingilis dili üzrə təlimlər keçirilib. Təlimlərin sonunda ADNSU-nun 12 müəllimi “British Council” tərəfindən ekspert qismində seçilib.

Teqlər: