ADA Universitetində Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı konfrans keçirilib (FOTO)

23 fevral 2022-ci il tarixində ADA Universitetində Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə
təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar
konfrans həyata keçirilib. Tədbirdə Xarici İşlər Nazirliyi nəzdində
fəaliyyət göstərən diplomatiya könüllüləri qrupunun üzvləri, habelə
Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti,
ADA Universiteti və Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının tələbələri iştirak edib.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, tədbirin
əvvəlində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan ADA Universitetinin prorektoru Fariz
İsmayılzadə Ermənistan tərəfindən Azərbaycana qarşı yürüdülən
təcavüz siyasətinin ən ağır hadisələrindən olan Xocalı soyqırımı
barədə danışıb, bu tarixin Azərbaycan gəncləri tərəfindən
öyrənilməsinin vacibliyini qeyd edib.

Daha sonra Azərbaycan Respublikasının xarici işlər nazirinin
müavini Elnur Məmmədov Xocalı soyqırımı zamanı törədilən
vəhşiliklərdən danışıb, Ermənistan tərəfindən beynəlxalq hüququn
kobud şəkildə pozulduğunu qeyd edib. Nazir müavini Xocalı
soyqırımının beynəlxalq hüquq kontekstində təhlilini aparıb.
E.Məmmədov 44 günlük müharibədən sonra Azərbaycan Respublikası
Prezidentinin Ermənistan silahlı qüvvələri tərəfindən
soydaşlarımıza qarşı hər iki müharibədə törədilən hərbi
cinayətlərin cəzasız qalmaması və mütləq şəkildə hüquqi müstəvidə
qiymətin verilməsinin vacibliyini hər zaman öz çıxışlarında
vurğuladığını qeyd edib. Nazir müavini, hazırda 17 dövlətin milli
qanunvericilik orqanı, həmçinin ABŞ-ın 24 ştatının, eyni zamanda
İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatının Xocalıda
dinc əhalinin qətliamını pisləyən və bunu soyqırımı və insanlıq
əleyhinə cinayət aktı kimi dəyərləndirən çoxsaylı qətnamə və
qərarlar qəbul etdiyini bildirib.

Daha sonra Xocalı şahidi Xəzəngül Əmirova çıxış edərək əsirlikdə
yaşadıqlarını danışıb. O, Xocalı faciəsində atasını, anasını və 5
yaşlı bacısını itirməsini, bunun onun bugünədək həyatında buraxdığı
izdən bəhs edib.

Çıxışlardan sonra tədbir iştirakçılarına Xocalı soyqırımından
bəhs edən “Sonsuz dəhliz” filmi nümayiş etdirilib.

Teqlər: