ADA Universitetində “Litva tatarları” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib (FOTO)

Noyabrın 4-ü ADA Universiteti, Litvanın Azərbaycandakı səfirliyi və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə “Litva tatarları” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib.

ADA Universitetində təşkil olunan tədbirdə akademik sahədə fəaliyyət göstərən ekspertlər, diplomatik korpusun və mətbuat qurumlarının nümayəndələri, habelə Azərbaycandakı tatar icmasının üzvləri və tələbələr iştirak ediblər.

ADA Universitetinin İctimai və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı Dr. Anar Vəliyev, Litvanın Azərbaycan Respublikasındakı səfiri Eqidius Navikas, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Polşanın Azərbaycandakı səfiri Rafal Poborski tədbir iştirakçılarını salamlayıblar.

Multikulturalizmin Azərbaycanın və Litvanın ortaq və mühüm dəyərlərindən biri olduğunu vurğulayan səfir Navikas etnik azlıqların tarixi və irsi haqqında məlumatlılığın artırılmasının vacibliyini qeyd edib.

“Litvada iki özünəməxsus azsaylı nümayəndələr – tatar və karaimlər yaşayır. Litva Parlamenti 2021-ci ili “Litva tatarlarının Tarix və Mədəniyyət İli”, 2022-ci li isə “Litva karaimlərinin Tarix və Mədəniyyət İli” elan edib.

Konfransda çıxış edən Fondun prezidenti Günay Əfəndiyeva öz kimliyini qoruyub saxlayan, əsrlər boyu formalaşmış adət-ənənələrini itirməyən türk xalqlarının tarixinin və mədəniyyətinin təbliğinin vacibliyini vurğulamış və bu baxımdan tatarların saylarının az olmalarına baxmayaraq onların Litva cəmiyyətində layiqli yer tutduğunu bildirmişdir.

“Türk xalqının maddi-mədəni dəyərlərinin beynəlxalq aləmdə təbliği istiqamətində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Litvanın Azərbaycan Respublikasındakı səfirliyi ilə uğurla əməkdaşlıq edir”.

Konfrans məruzəçilərin çıxışları ilə davam edib. Tarixçi Fuad Axundov və Litva-Tatar İcmaları İttifaqının sədri, professor Adas Yakubauskas tatarların mənşəyi və Litva ərazisində məskunlaşma tarixindən bəhs ediblər. Ölkəmizin keçmiş Xarici işlər naziri, səfir Vilayət Quliyev və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tarix Muzeyinin rəisi Rauf Rzayev öz çıxışlarında tatar icmalarının tarixi irsindən söhbət açıblar.

Konfransdan sonra Azərbaycan tatarlarının musiqi ifası səsləndirilib və fotosərgisi nümayiş etdirilib.

Teqlər: