ADA Universitetində “Barış üçün tanı” beynəlxalq tədbir keçirilib (FOTO)

Dünən İslam Əməkdaşlığı Gənclər Forumunun Avrasiya üzrə Regional
Mərkəzinin (İƏGF-ARM) təşkilatçılığı, ADA Universiteti və ADAMUN
Klubunun tərəfdaşlığı ilə ADA Universitetində Xocalı Faciəsinin
30-cu il dönümünə həsr olunmuş “Barış üçün tanı”
(“Recognize to Reconcile”) mövzulu İƏT Müstəqil Daimi İnsan
Hüquqları Komissiyasının (İƏT MDİHK) simulasiyası
keçirilmişdir.

Tədbirin qonaq spikerləri ADA Universitetinin prorektoru Fariz
İsmayılzadə, Azərbaycan Respublikası Ombudsman Aparatının rəhbəri,
İƏT MDİHK üzvü Aydın Səfixanlı, Azərbaycan Respublikası Mərkəzi
Bankının Aparıcı Hüquq Məsləhətçisi Fərahim Hüseynzadə, İƏGF
ARM-nin Baş Direktor vəzifələrini icra edən Vüsal Qurbanov və
ADAMUN Klubunun baş katibi Leyla Məmmədzadə açılış mərasimində
iştirakçıları salamlayaraq, Xocalı faciəsinin beynəlxalq hüquq
prinsipləri baxımından dünya ictimaiyyəti tərəfindən tanınmasının
vacibliyi qeyd ediblər, eləcə də “Xocalıya Ədalət” beynəlxalq
təşviqat kampaniyası haqqında məlumat veriblər.

Tədbir 3 sessiyadan ibarət olmaqla, xüsusi mövzuları əhatə edib:
1) Xocalı qətliamının beynəlxalq səviyyədə tanınmasında əsas
maneələrin müəyyən olunması, 2) Xocalı faciəsinin beynəlxalq
səviyyədə tanınmasının gücləndirilməsi 3) İƏT üzv ölkələrinin
Xocalı faciəsinin yerli və beynəlxalq səviyyədə insanlığa qarşı
cinayət kimi tanınmasında fəaliyyətin gücləndirilməsi.

11 İƏT ölkəsindən (Nigeriya, Fələstin, Qana, Qambiya, Maldivlər,
Əfqanıstan və s.) nümayəndənin iştirak etdiyi bu tədbirdə həmçinin
tələbələr Al Jazeera, BBC və Arab News xəbər agentliklərinin media
fəaliyyətini simulyasiya edərək, xüsusi reportajlar hazırlayıblar.
Tədbirin sonunda iştirakçı xarici tələbələrin sosial şəbəkələr
vasitəsilə Ermənistanın baş naziri Nikol Paşinyana “Barışıq üçün
Xocalını tanı” müraciətini ediblər.

Tədbirdə o cümlədən, ən yaxşı nümayəndə, ən yaxşı debatçı, ən
yaxşı jurnalist və seçilmiş nümayəndələr xüsusi sertifikatlarla
mükafatlandırılıb.

Tədbirin əsas məqsədi Xocalı faciəsinin həqiqətlərinin gənclər
vasitəsilə dünya ictimaiyyətinə çatıdırılması, eləcə də bu faciənin
beynəlxalq humanitar hüquq prizmasından araşdırılmasıdır.

Teqlər: