ADA Universiteti ilə Dövlət Xidməti arasında Əməkdaşlıq Memorandumu imzalanıb (FOTO)

10 mart tarixində ADA Universiteti ilə İqtisadiyyat Nazirliyi
yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti
arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Sənədin imzalanmasında məqsəd Tərəflər arasında qarşılıqlı maraq
kəsb edən sahələr üzrə əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin
təmin edilməsidir.

Sənədi ADA Universitetinin İcraçı prorektoru Fariz İsmayılzadə
və Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli imzalayıblar.

ADA Universitetinin dövlət və özəl sektorda faəliyyət göstərən
qurum və şirkətlərlə davamlı olaraq əməkdaşlıq etdiyini vurğulayan
Fariz İsmayılzadə Dövlət Xidməti ilə qurulan əməkdaşlığın strateji
xarakter daşıdığını, Universitetin tələbə və müəllim heyətinin elmi
və praktiki potensialı vasitəsilə bu əməkdaşlığın daha da
genişlənəcəyini bildirib.

Universitetlə əməkdaşlığın əhəmiyyətindən danışan Dövlət
Xidmətinin rəisi Məmməd Abbasbəyli qeyd edib ki, bazarda ədalətli
rəqabət mühitinin təmin olunması, keyfiyyət infrastrukturunun
qurulması, dövlət satınalmalarına nəzarətin təkmilləşdirilməsi və
sair qarşıya qoyulan məqsədlərə çatmaq üçün Xidmətin proqressiv,
bilikli və vətənsevər gənclərə ehtiyacı var.

Memoranduma əsasən, Tərəflər təhsil və texnologiya sahələrində
innovativ fəaliyyəti sürətləndirmək məqsədilə birgə layihə və
tədqiqatlar həyata keçirəcək, konfrans, təlim və seminarlar təşkil
edəcək.

Memorandum ADA tələbələrinə istehsalat təcrübəsinin təşkilini,
onların yay təcrübə proqramlarında iştirakını və sertifikatla təmin
edilməsini, habelə məzunların və xüsusi istedadlı tələbələrin işlə
təmin edilməsini nəzərdə tutur.

Əməkdaşlıq Memorandumu çərçivəsində Dövlət Xidmətinin
əməkdaşları üçün Universitet tərəfindən İxtisasartırma kursları
təşkil ediləcək, tələbələri Dövlət Xidmətinin fəaliyyəti və
Xidmətdə mövcud olan vəzifələr haqda məlumatlandırmaq üçün
Universitetdə “Karyera günləri” keçiriləcək. Bununla yanaşı,
ikitərəfli əlaqələrdə davamlılığın təmin edilməsi, eləcə də müvafiq
peşə sahələrinə uyğun kadr potensialının gücləndirilməsi
istiqamətində tələbələrin kurs və buraxılış işləri, magistrantların
dissertasiya mövzuları Dövlət Xidmətinin həyata keçirdiyi
layihələrin məzmunu ilə əlaqələndiriləcək.

Teqlər: