ADA Universiteti Fondu, “PAŞA Bank” və “Delta Qrup C.O.” MMC tərəfindən qazi ailələrinə dəstək (FOTO)

Noyabrın 3-4-ü ADA Universiteti Fondunun (ADAF) təşkilatçılığı, ölkənin aparıcı korporativ bankı “PAŞA Bank”ın və yerli qida sənayesinin öncül şirkətlərindən olan “Delta Qrup C.O.” MMC-nin baş sponsorluğu və ADA Könüllülər Hərəkatının dəstəyi ilə xeyriyyə kampaniyası təşkil edilib.

İkinci Qarabağ müharibəsi zamanı ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda yaralanan qazilərə dəstək məqsədilə keçirilən kampaniya “Bir gün deyil, hər gün həmrəy olaq.Tarix yazaq!” ​şüarı ilə həyata keçirilib.

Azərbaycan tarixinin ən əlamətdar günlərindən biri olan 8 noyabr-Zəfər Günü ərəfəsində ADA könüllülərindən və əməkdaşlarından ibarət komanda Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun müxtəlif ərazilərində məskunlaşan qaziləri ziyarət ediblər. Ümumilikdə 20 qazi ailəsinə baş çəkilib və onlara ərzaq məhsullarından ibarət bağlamalar təqdim edilib.

Qeyd edək ki, ADAF və “PAŞA Bank” sözügedən kampaniyanın icrasına ötən ildən etibarən başlayıb. ADA könüllülərindən ibarət tələbələr Novruz bayramı ərəfəsində Bakı və Sumqayıtdakı qazi ailələrini ziyarət ediblər.

Teqlər: