ADA Universiteti Elektrik və Elektronika Mühəndisliyi ixtisası üzrə bakalavr proqramı təqdim edir

Yeni ixtisas ADA Universiteti bazasında fəaliyyət göstərəcək
İtaliya-Azərbaycan Universitetinin italyan universitetləri ilə
qurduğu əməkdaşlıqdan faydalanaraq təqdim edilir. Belə ki, ixtisas
fənləri ADA Universiteti ilə yanaşı, İtaliyanın Turin Politexnik
Universitetinin professor-müəllim heyəti tərəfindən ingilis dilində
tədris olunacaq. Tələbələr akademik mübadilə proqramı vasitəsi ilə
həm Azərbaycanda, həm də İtaliyada oxuyacaqlar.

ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik
fakültəsinin dekanı Dr. Səncər Yerelan bildirib ki, bu sahə üzrə
təhsil alan gənclər ADA Universitenin kampusundakı yüksək texnoloji
resuslara malik yeni laboratoriyalarda praktiki bacarıqlar əldə
edəcəklər. Dr. Yerelan əlavə edib ki, sözügedən proqram
Azərbaycanın sosial-iqtisadi, milli prioritetlərini və beynəlxalq
əmək bazarının yeni tendensiyalarını nəzərə alaraq təsis
edildiyindən məzunlar əmək bazarında yüksək tələb görən mütəxəssis
kimi yetişəcəklər.

Abituriyentlər proqrama həm DİM, həm də SAT imtahanı nəticələri
ilə sənəd verə biləcəklər.

Bu ixtisas üzrə təhsil alacaq tələbələrə xüsusi fürsətlər
verilir. Belə ki, 600-dən yuxarı bal toplayanlar bir il ərzində
50%, 650-dən yuxarı bal toplayanlar isə bir il müddətində 100%
təhsil haqqı güzəşti əldə edəcəklər. 690-700 bal toplayanlar isə
bütün bakalavr təhsil müddəti ərzində təhsil haqqından tam azad
olunacaqlar. Bundan əlavə, bütün tələbələr Təhsil Nazirliyi
tərəfindən təklif olunan Təhsil tələbə kreditinə müraciət edə
biləcəklər.

Qeyd edək ki, bu yaxınlarda təməli qoyulan İtaliya-Azərbaycan
Universiteti İtaliyanın Luiss Universiteti, Bolonya Universiteti,
Milan Politexnik Universiteti, Turin Politexnik Universiteti və
Romanın Sapienza Universitetinin birgə əməkdaşlığı nəticəsində
təsis edilir.

Yeni Elektrik və elektronika mühəndisliyi proqramı barədə
ətraflı məlumat almaq istəyən namizədlər ADA Universitetinin
veb-səhifəsinə daxil ola (ada.edu.az), əlavə suallarla bağlı isə
[email protected] ünvanına və ya 994502749551 nömrəsinə müraciət
edə bilərlər.

Teqlər: