AÇG və Şahdəniz yataqlarında hasilatın həcmi açıqlanıb

2022-ci ilin birinci rübü ərzində Azərbaycanda 8,3 milyon tondan
çox neft (kondensatla birlikdə) hasil edilib.

Trend bu barədə
Energetika Nazirliyinə istinadən məlumat verir.

Respublika üzrə neft hasilatının 5,3 milyon tonu
“Azəri-Çıraq-Günəşli”nin, 1,1 milyon tonu (kondensat) “Şahdəniz”in
payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,9
milyon ton təşkil edib. Hesabat dövründə 6,7 milyon tona yaxın neft
(kondensatla birlikdə) ixraca nəql olunub.

Eyni zamanda, 2022-ci ilin yanvar-mart aylarında ölkədə 11,8
milyard kub metr təbii qaz hasil edilib. Qazın 3,5 milyard kub
metri AÇG-dən, 6,4 milyard kub metri “Şahdəniz”dən, 1,9 milyard kub
metri SOCAR üzrə hasil olunub.

Hesabat dövründə xaricə qaz satışı 5,9 milyard kub metr təşkil
edib. Türkiyəyə 2,2 milyard kub metr, Avropaya 2,6 milyard kub
metr, Gürcüstana isə 1,1 milyard kub metr qaz ixrac edilib. Qeyd
edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 4 milyard kub metrdən çox
qaz nəql olunub.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara
veriləndən 01 aprel 2022-ci il tarixinədək 587 milyon tondan çox
neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən
552 milyon tona yaxın neft, “Şahdəniz”dən isə 35 milyon tondan çox
kondensat çıxarılıb.

Yataqlar istismara veriləndən 2022-ci ilin 01 aprel tarixinədək
“Azəri-Çıraq-Günəşli”dən 193 milyard kub metrdən çox, “Şahdəniz”dən
isə 164 milyard kub metrə yaxın qaz hasil edilib. Bu dövrdə
“Şahdəniz” yatağından hasil edilən 112 milyard kub metrdən çox qaz
ixraca nəql edilib.

Ölkədə neftin emalı 2022-ci ilin birinci rübündə 1,6 milyon ton
təşkil edib.

Teqlər: